Azərbaycana üz tutan suriyalıların sayı artır
12 Mart 2014 09:06 (UTC+04:00)
Suriyada vətəndaş müharibəsi intensivləşəndə oradan qaçanların
sayının artacağı istisna edilmirdi. Belə ki, bu gün dünyaya
səpələnmiş suriyalı qaçqınların sayı yüz minlərlə ölçülür. Az da
olsa, suriyalı qaçqınlardan artıq ölkəmizdə var. Elə sərhədi
pozanlar arasında da son dövrlərdə suriyalılara rast gəlinir.
Belə ki, bu ilin fevral ayı ərzində Azərbaycanın dövlət sərhədini
pozduqları üçün 20 halda 39 nəfər saxlanılılıb. Onlardan 11 nəfər
olmaqla ən çoxu Suriya vətəndaşıdır. Ancaq mütəxəssislərin
qənaətinə görə, suriyalıların Azərbaycana kütləvi axını müşahidə
edilməyəcək.
Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov hesab edir ki,
Suriyadan Azərbaycana qaçqın axını elə də kütləvi hal almayacaq:
"Bunun üçün bir neçə səbəb var. Birincisi, dil fərqliliyi
məsələsidir. Suriyadan olan qaçqınlar daha çox onlarla ortaq dildə
danışan məmləkətlərə üz tuturlar. Ərəb mənşəli olan qaçqınlar ərəb
ölkələrinə keçməyə üstünlük verirlər. Hərçənd ki, Türkiyəyə güclü
axın oldu. Türkiyə hökuməti sərhəd boyu ərazilərdə qaçqın
düşərgələri saldı. Demək olar ki, onlar həmin ərazilərdə kompakt
şəkildə yaşayırlar. Türkiyə cəmiyyətinə elə də açıq inteqrasiya
olunmurlar. Amma Azərbaycana gələn qaçqınlar hər hansısa bir
düşərgədə yerləşdirilmir. Çünki onlar elə də çox deyillər. Onlar
cəmiyyətə daxil olur. Azərbayanda əvvəllər status almaq üçün
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına
müraciət edirlər. 2013-ci ildən etibarən isə Dövlət Miqrasiya
Xidmətinə müraciət etməlidirlər. Belə olan halda dil fərqliliyi,
status almaq imkanlarına görə Suriyadan olan qaçqınlar daha çox
ərəbdilli ölkələrə və Türkiyəyə üstünlük verirlər. Çox az bir
hissəsi də Ermənistana üz tutur. Onlar da erməni mənşəli
qaçqınlardır. Faktiki olaraq, Azərbaycana gələnlər azsaylı
insanlardır. Onlardan iki ailə artıq Azərbaycanda sığınacaq alıb.
Başqa sığınacaq üçün müraciət edən insanların sənədinə isə hazırda
baxılır. Hətta, status alanlar azərbaycanlılarla bağlı olan
insanlardır. Həmin əlaqələr hesabına Azərbaycana gəlmək qərarını
veriblər. Belə yumşaldıcı amillər olmasa, Suriyadan olan qaçqınlar
Azərbaycana üz tutmurlar. Baxmyaraq ki, artıq Suriyada qaçqınların
sayı milyonlarla ölçülür. Hadisələrin kluminasiya nöqtəsi bir neçə
aydır davam edir. Amma bu cür ağır müddətdə belə Azərbaycana üz
tutan qaçqınların sayı çox olmayıb. Eyni vəziyyəti biz İraqla bağlı
da yaşamışıq. İkinci İraq müharibəsi zamanı Azərbaycana gələn
iraqlı qaçqınların sayı çox az oldu. Onların da böyük əksəriyyəti
sonradan İraqa qayıtdı. Burada qalan Iraq qaçqınları isə türkmən
mənşəli insanlar idi. Bu gün qonşu ölkələrdə qaçqınlara yardım
proqramları işlədiyi üçün suriyalı qaçqınlara sərf edir ki, məhz
həmin ölkələrə üz tutsunlar. Türkiyənin də çox böyük yardımları
olduğu üçün ondan yararlanmağa çalışırlar. Əgər həmin ölkələrdə
şərait yaradılmazsa, nəzəri cəhətdən qaçqınların Azərbaycana axını
baş verə bilər. Amma Azərbaycana gəlməkdənsə, onlara şimal ölkələrə
üz tutmaq sərf edir. Çünki sonradan Qərbi Avropada sığınacaq ala
bilmələri asan olur. Azərbaycana gəlmək isə onlara bu imkanları
yaratmış olmur".
Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bildirir ki, əvvəllər
Azərbaycanda məskunlaşan Suriya vətəndaşları olub: "Baş verən
hadisələrlə bağlı Suriya vətəndaşlarının Azərbaycana axını yoxdur.
Amma Suriya ermənilərinin Ermənistana kütləvi axını var. Ermənistan
onları Dağlıq Qarabağda yerləşdirərək, qaçqın satautusu verib".
Mərkəz sədri qeyd etdi ki, Suriya vətəndaşlarının ölkəmizə gəlmə
ehtimalı həmişə gözlənilir və mümkündür: "Qaçqın sərhəddi pozub
gələ bilər. Amma dövlət orqanları bunu nəzarətə götürməlidir".