Nurda gizlənən təhlükə
12 Mart 2014 09:12 (UTC+04:00)
Son günlərdə ölkə mediasında xüsusi diqqət mərkəzində yer alan əsas
mövzu siyasi məqsədlər güdən dini cərəyanlar, o cümlədən nurçuluqla
bağlıdır. Hesab olunur ki, Türkiyədə bu xüsusda məlum hadisələr
cərəyan etdikdən sonra nurçulara bağlı olanların Azərbaycana olan
uzantılarının araşdırılmasına ciddi zərurət var. Artıq həqiqəti nə
qədər kəsb etdirdiyi dəqiq bilinməsə də, qeyd olunan xüsusda
müəyyən diqqət çəkən materiallar mediada özünə yer tapa bilib.
Görünən odur ki, bu məsələ hələ müəyyən müddət medianın, elə
cəmiyyətin də diqqət mərkəzində qalmaqda davam edəcək. Milli
Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc
bildirdi ki, bu məsələ son günlər qabardıqca cəmiyyətin və dövlətin
elitasını düşündürməyə başlayıb: "Keçmişdə hamı belə hesab edirdi
ki, nurçular sırf təhsil sistemində oturuşmuş və yalnız yüksək
bilik daşıyıcılarını özünə qəbul edən, onun nəticəsində də
insanları yetişdirən mərkəzdir. Bundan kənarda hansısa bir dövr
təriqətlərinə bağlı insanları yetişdirmək və İslami ideologiya
altında fərqli bir cəmiyyət yaratmaqda onların işləri yoxdur.
Ələxüsus da hesab olunurdu ki, hakimiyyətə iddia etmək,
siyasiləşmək, mason kimi təşkilatlanmaqda onların maraqları
müşahidə olunmur. Bəlkə də Fətullah Gülən və Rəcəb Tayyib Ərdoğan
arasındakı son qovğalar fonunda onların dövlətdə strukturlaşması,
hətta milli kəşfiyyata qədər gedib çıxan uzantılarının bizə də bir
ucu gəlib. Ehtimal ki, Ərdoğanın Azərbaycan dövlət rəhbərliyinə
müraciətləri var. Bu fonda polemikalar gedir. Düzdür, onları hakim
kimi görmək istəmirəm. Kəşfiyyat orqanlarımız cavab verməlidirlər
ki, həqiqətən də bizdə fəaliyyət aparan bu kursların yetirmələrinin
içərisində hansısa daha sərt fundamentalist baxışlara sahib olanlar
varmı? Onlar öz baxışlarını həyata keçirmək üçün hansı vasitələrə
əl atmaq istəyirlər? Silahlı mübarizə ilə onların işi mövcuddurmu?
Onlar dövlət sisteminə necə oturuşmaqda maraqlıdırlar? Siyasi
iddiaları varmı? Kəşfiyyat orqanlarının cavabı əsasında bir qərar
verməliyik. Yəni, məsələ daha artıq dərəcədə ittihamlar, ehtimallar
səviyyəsində baxmaq deyil, yüksək axtarışlarla, sübutlarla ortaya
qoyulmalıdır. Əks halda, əlavə cəbhə açıb kimlərinsə üzərinə
getmək, müxtəlif təhsil ocaqlarını tərəfə çevirmək ziyanımıza
işləyər. Nə vaxtsa Türkiyədə həmin siyasilərin münasibətləri bərpa
olunanda, sanki biz bundan narahat olacağıq ki, içərimizdə bu
problemləri nədən yaratdıq? Kimdir nurçular? Onların əhatə dairəsi
nə qədərdir? Hazırki dövrdə bunu təyin etmək həddən artıq çətindir.
Çünki heç kəs etiraf etmir. Hiss olunan da budur ki, onların
sələfləri - radikal vəhhabilərdən daha fərqli şüarları var. Ona
görə də adları nurçu olanlar barədə məlumatlar xeyli
qaranlıqdır".
Digər bir parlamentari Fazil Mustafa isə hesab edir ki, Azərbaycan
üçün bu məsələdə hansısa real təhlükə yoxdur: "Əksinə, ölkəmizdə
nursuzluq təhlükəsi ola bilər. Çünki təhsilin keyfiyyəti o qədər də
ürəkaçan deyil. Nurçuluq əslində, Azərbaycanda regionçuluq nədirsə,
odur. Cəmiyyət nəyisə qabartmağı çox sevir. Nurçuluq Azərbaycana
aidiyyatı olmayan bir məsələdir. Azərbaycanda müəyyən sayda
insanlar var ki, onların müəllimləri erməni, yəhudi və ya rus olub.
Bu adamların təriqəti ilə maraqlanan olubmu? Söhbət Azərbaycanda
təhsil öyrədənlərdən gedir. Bunu da bilərəkdən Azərbaycanda təhlükə
kimi göstərməyin məntiqi izahı yoxdur. Çünki keyfiyyətli təhsil
verən müəssisələrimizin sayı azdır. Əsas olmadan Türkiyə
məktəblərini dini təhlükə kimi görmək lüzumsuzdur. Yəni, bunların
hamısı Türkiyə əleyhinə olan kampaniyadır. Bu da Azərbaycan
təhsilinin gələcəyini riskə qoyur. Amma nurçuluğun Azərbaycanda heç
bir təhlükəsi yoxdur".
Millət vəkili bildirdi ki, vicdanlı davranmaq lazımdır: "Azərbaycan
üçün nurçuluq yox, erməni təhlükəsi var. Münasibətimizdə nurçuluq
kəsiminə dini baxışları paylaşmırıq. Nurçu adı altında rüşvətsiz
ali təhsil müəssisələrini sıradan çıxarmaq düzgün olmazdı. Bu cür
hərəkətlər Azərbaycana düşmənçilikdən başqa nəsə deyil. Əcnəbi də
olsa, normal təhsil gətirirsə, ürəyimizi açıb verməliyik. Yüzlərlə
insanın şotland, ingilis müəllimi var. Yəni, eyni cinslə evlənən
adamlar dərs deyirlər. Onlarla maraqlanmaq lazımdır".