Aqroparkların yaradılması gecikir
12 Mart 2014 09:29 (UTC+04:00)
Xeyli müddətdir ki, ölkəmizdə aqroparkların yaradılması məsələsi
gündəmdədir. Lakin müasir texnologiyanın tətbiqi ilə yüksək
keyfiyyətli məhsul hazırlanmasına imkan verən aqroparkların nə vaxt
ərsəyə gələcəyi hələ dəqiq məlum deyil. Aqroparklar kənd
təsərrüfatının, emal və aqrar sənayenin tamamilə yenidən
qurulmasını əhatə edir. Onların yaradılmasının əsas məqsədlərindən
biri ərzaq təhlükəsizliyi ilə bağlı daha güclü mexanizmlərin
tətbiqinın həyata keçirilməsidir. Hazırda bu sahədə vəziyyətin nə
yerdə olduğunu aydınlaşdırmaq üçün ekspertlərə müraciət etdik.Kənd
Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev
bildirdi ki, hazırda aqroparkların yaradılması təklifləri üzərində
iş gedir və proses yaxınlarda sona çatacaq: "Aqroparkların
yaradılması barədə onu deyə bilərəm ki, artıq təkliflər hazırlanıb
yekunlaşmaq üzrədir. Yekunlaşdıqdan sonra da həmin məsələ haqqında
açıqlama veriləcək. Bu istiqamətdə hazırda da iş gedir, təkliflər
hazırlanır. Zənnimcə, həmin proses bu günlərdə
yekunlaşmalıdır".
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov isə qeyd etdi ki,
aqroparkların yaradılması üçün kadr çatışmazlığı problemi də həll
olunmalıdır: "Aqroparkların yaradılması hələ də baş tutmayıb.
Haradasa il yarım bundan əvvəl aqroparkların yaradılması gündəmə
gətirilib. Lakin sonradan sənaye sahəsində parkların yaradılması
davam etdirilsə də, aqrar sahə ilə bağlı bu istiqamətdə hansısa
fakt müşahidə edilmir. Bu da ilk növbədə onunla bağlıdır ki,
prosesin həlli olduqca ciddi məsələdir. Aqropark böyük elmi
institut nəzdində yaradılmalıdır. Azərbaycanda Kənd Təsərrüfatı
Akademiyası Gəncə şəhərində fəaliyyət göstərir. Aqropark da bu
akademiya nəzdində yaradıla bilər. Yaxud da aqrar sahə ilə məşğul
olan hər hansı digər elmi-tədqiqat institutu nəzdində olmalıdır.
Burada ciddi kapital qoyuluşuna da ehtiyac yaranır. Çünki burada
texnologiyanın Azərbaycana gətirilməsi, onun öyrənilməsi, yeni
texnologiyanın yaradılması məsələsindən söhbət gedir. Bu isə
olduqca ciddi bir prosesdir. Sahəyə cəlb olunanlar kifayət qədər
bilgi və təcrübəsi olan mütəxəssis və alimlər olmalıdır. Burada
yaranan çətinlik kapital qoyuluşu ilə bağlı ola bilər. Digər
tərəfdən, kadr məsələsi öz çözümünü tapmalıdır. Sovet dönəmində
kadrların hazırlanması üçün onların bir qismini Rusiyaya
göndərirdik. Son zamanlar isə aqrar sahə üzrə digər ölkələrdə
təhsil alan mütəxəssislərimiz demək olar ki, yoxdur. Bu da həm də
ondan xəbər verir ki, gələcəkdə həmin sahədə ciddi nailiyyət əldə
etməyimiz çətin olacaq. Kənd təsərrüfatını, bu sahə üzrə elmi
inkişaf etdirmək istəyiriksə, öncə ciddi kadr hazırlığını həyata
keçirməliyik. Yəni, bu sahəni elmi əsasda irəli apara biləcək
kadrlara böyük ehtiyac vardır. Hazırda isə bu sahədə vəziyyət ondan
ibarətdir ki, ölkəmizdə hazırlıqlı kadr çatışmamazlığı var. Kadr
olmadığı halda aqroparkların yaradılmasına da ehtiyac yoxdur. Ona
görə ki, aqroparkların yaradılmasında məqsəd elmi bilgini
fermerlərə, kəndlilərə ötürməkdən, yeni texnologiyanı tətbiq edib
onları maarifləndirməkdən ibarətdir. Deməli, aqroparklar bir növ
elmlə bağlı sahədir".