Azərbaycan Krım tatarlarına hansı yardımlar göstərəcək?!
12 Mart 2014 09:38 (UTC+04:00)
Rusiya qoşunlarının rusdilli əhalini müdafiə etmək bəhanəsilə
Ukraynaya məxsus Krımı işğal etməsi bu ölkədə yerli sakin olaraq
yaşayan Krım tatarlarının vəziyyətini xeyli dərəcədə ağırlaşdırıb.
Belə ki, Krım tatarları yarımadada yaşayan rusdilli sakinlərdən
fərqli olaraq ərazinin Rusiya qoşunları tərəfindən işğalını
pisləyir və onlar Krımın Ukraynanın tərkibində qalmasını
istəyirlər. Bu halda isə Krım tatarları ərazidəki kazakların,
Rusiyaya birləşmək tərəfdarı olan separatçı qüvvələrin təzyiqilə
üzləşirlər.
Maraqlı məqamlardan biri də odur ki, Rusiyaya birləşmək tərəfdarı
olanlara işğalçı qüvvələr tərəfindən geniş təbliğat işləri
aparılmasına imkan yaradılsa da, əks təbliğatla məşğul olmaq
istəyənlər, o cümlədən Krım tatarları üçün bu imkanlar tanınmır.
Ukraynanın tərkibində qalmağı təbliğ edən bu türkdilli xalqın
nümayəndələri təpkilərlə üz-üzədir. Belə ağır durumda Krım
tatarları kömək üçün türk dünyasına, o cümlədən Azərbaycan, Türkiyə
və Qazaxıstana müraciət edib. Türkiyə hökuməti artıq məsələyə
qarışaraq Krım tatarlarına hər cür dəstək göstərməyə hazır olduğunu
bəyan edib. Amma konkret olaraq bu dəstəyin nədən ibarət olacağı
hələlik bəlli deyil. Maraqlıdır, ölkəmiz hazırda darda olan Krım
tatarlarına hansı formada yardım edə bilər?
Politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan tərəfi bəyanat
səsləndirmək, maddi və mənəvi dəstək formasında Krım tatarlarına
yardım əlini uzada bilər: "Krım tatarlarının liderləri yaranmış
vəziyyətlə bağlı olaraq üç ölkə rəhbərlərinə, Azərbaycan, Türkiyə
və Qazaxıstana yardım üçün müraciət edib. Düşünürəm ki, Azərbaycan
da bu məsələyə səssiz qalmamalıdır. Doğrudur, ayrı-ayrı Azərbaycan
rəsmiləri Ukraynanın ərazi bütövlüyü haqqında fikirləri dilə
gətirib. Amma bununla yanaşı, düşünürəm ki, Krımdakı separatizmi
pisləyən ortaq bir bəyanata ehtiyac var. Həmin bəyanatda Krım
tatarlarının durumundan narahat olmaq barədə fikir də yer
almalıdır. Bunu bir mesaj kimi verməyimiz Krım tatarlarına ən
azından bir mənəvi dəstək və beynəlxalq aləmə mesaj olar. Gələcəkdə
isə Krım tatarlarına maliyyə baxımından yardım məsələsinin həllində
də iştirak edə bilərik. Türkiyə məsələn, bu günə qədər Krım
tatarlarına məktəb və məscidlər tikib. Bu işi Azərbaycan hökuməti
də görə bilər. Azərbaycan hökumətinin dəstəyilə bu günə qədər bir
sıra xarici ölkələrdə məktəblər tikilib, müəyyən tibb mərkəzləri
açılıb. Eyni şey Krımda tatarlar üçün də edilə bilər. Krımın Rusiya
ordusu tərəfindən işğalı burada yaşayan tatarlar üçün də həyəcan
siqnalına səbəb olub. Bu məsələdə Türkiyə də ehtiyatlı mövqe
sərgiləyir. Azərbaycanda həmin məsələdə Türkiyə qədər fəal
olmalıdır. Krım tatarlarına yardım istiqamətində Azərbaycanın
Türkiyə ilə birgə fəaliyyət də mümkündür".
Politoloq Elman Nəsirlinin fikrincə, Azərbaycan bu istiqamətdə
əsasən Türkiyə ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərə
bilər: "Krım tatarlarının yardımla bağlı Türkiyə və Azərbaycana
müraciət etməsi gözlənilən hadisə idi. Çünki süni köçürülmə
nəticəsində Krım əhalisinin 58-60 faizi ruslardan ibarət olub. Krım
tatarları isə 12-15 faiz civarındadır. Rusiya ilə Ukrayna arasında
məlum münasibətlər və martın 16-da keçirilməsi nəzərdə tutulan
referendum fonunda Krım tatarları onun fərqindədir ki, Kiyevin
tərkibindən çıxıb Moskvanın tabeçiliyinə keçirlər. Bu tabeçilik
fonunda da oradakı Krım tatarların sayının azalması, rusların
sayının isə daha da artması tendensiyası baş verə bilər. Yəni, yeni
şəraitdə tatarlar Krımı tərk edər, əvəzində rus əhalisi artar. Bu
reallıqlar tatarları narahat edir. Belə olan vəziyyətdə Azərbaycana
və Türkiyəyə müraciətləri həm etnik qohumluqdan, həm də hər iki
dövlətin regiondakı çəkisi, hadisələrə təsir etmək imkanı ilə
bağlıdır. Tatarlar hesab edir ki, Türkiyə və Azərbaycan imkan
çərçivəsində Avropa İttifaqı və ABŞ-da bu məsələni daha çox qabarda
və beynəlxalq sferada ciddi addımlar ata bilərlər. Tatarlar çox
istəyir ki, onlara dəstək istiqamətində Ankara ilə Bakı
koordinasiya olunmuş şəkildə fəaliyyət göstərsin və həmin fəaliyyət
perspektivdə ola biləcək daha ciddi problemlərin indidən həllinə
nail olunmasına gətirib çıxarsın, qarşıda daha ağır vəziyyətlə
üz-üzə dayanmasınlar. Bu baxımdan önləyici addımlar atılmasını
istəyirlər. Onların gəldiyi nəticə çox da optimist deyil, daha çox
pessimist yanaşmadır. Hadisələrin gedişatı göstərir ki, martın
16-dan sonra Krım faktiki olaraq Kiyevin nəzarətindən çıxa bilər.
Bunun nəticələrini gördüklərindən həyəcan təbili çalmağa
başlayaraq, xüsusən də Türkiyə ilə Azərbaycana üz tutublar.
Azərbaycanın isə bu sahədə fərdi, həm də Türkiyə ilə koordinasiya
olunmuş şəkildə fəaliyyət göstərmək imkanı var. Xüsusən də bu
istiqamətdə Ankaranın imkanları daha genişdir. Diplomatik kanallar
vasitəsilə bu imkanlardan maksimum istifadə olunmalıdır".