Bakıda qəzaya səbəb olan sürücü qaçdı: xəsarət alan var (FOTO)

12 Mart 2014 09:30 (UTC+04:00)
Ötən gecə Bakının Nizami rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Babak prospetində qeydə alınan hadisə zamanı eyni istiqamətdə hərəkət edən iki minik avtomobili toqquşub. Belə ki, 27 yaşlı Tofiq İsmayılovun idarəetdiyi "Bmv" markalı minik avtomobili qarşıda hərəkət edən "Opel" maraklı digər nəqliyyat vasitəsinə arxasına çırpılıb. Nəticədə "Bmv"nin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Şahidlərin sözlərinə görə, qəzadan öncə "Opel"in sürücüsü qəfildən avtomobilin əyləc sistemi işə salıb. Bu da qəzanı qaçılmaz edib. Bu azmış kimi, daha sonra maşını hadisə yerində ataraq ərazidən yayınıb. Qəzanın təfərrüatları Nizami rayon polis idarəsində araşdırılacaq.  Hadisənin hansı sürücünün səhlənkarlığı nəticəsində baş verədiyi isə, təyin ediləcək tibbi və avtotexniki ekspertizalardan sonra məlum olacaq.