Bakıdakı ticarət mərkəzində yanğından 5 nəfər xəsarət alıb

12 Mart 2014 11:35 (UTC+04:00)

Bu gün səhər saatlarında Bakıda "Sahil" Ticarət Mərkəzində baş verən yanğın zamanı 5 nəfər xəsarət alıb. Bu barədə Movqe.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova məlumat verib. Z. Vahidova bildirib ki, onlardan 3 nəfəri tüstüdən zəhərlənib. Həmin şəxslər ticarət mərkəzində işləyənlər yox, binada yaşayan sakinlər olub. Z. Vahidova deyib ki,  tüstüdən zəhərlənmə yüngül olduğundan onlara ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Bundan əlavə daha 2 nəfər yüngül xəsarət alıb. Bunlardan biri FHN-nin əməkdaşı, digəri isə vətəndaşlar arasında yanğını müşahidə edən şəxs olub. Heç kim xəstəxanaya yerləşdirilməyib: " Hazırda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hadisə yerində həkim briqadaları növbə çəkir". 

Qeyd edək ki, bu gün səhər saatlarında Bakıda "Sahil" Ticarət Mərkəzində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə yerinə bir neçə yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. "Hazırda yanğınsöndürənlərın sayını dəqiq demək olmur. Qarışıq rayonlardan bir neçə maşın hadisə yerinə yollanıb", - deyə xidmətdən məlumat verilib.

Yanğın tircarət mərkəzinin 3-cü mərtəbəsində başlayıb. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Hadisə yerinə 3 təcili yardım maşını və həkim briqadası da yollanıb. Ticarət mərkəzi ətrafında avtomobillərin və piyadaların hərəkəti məhdudlaşdırılıb. Eləcə də, "Sahil" metrosunda hərəkət dayandırılıb.