Güclü külək əsəcək

12 Mart 2014 12:23 (UTC+04:00)

Azərbaycan ərazisində bu axşamdan gecəyə doğru güclü külək əsməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Movqe.az-a verilən məlumata görə, martın 12-si axşam saatlarından respublikanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı gözlənilir. Martın 13-dən martın 14-ü gündüzədək ayrı-ayrı rayonlarda havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Ötən günlərlə müqayisədə martın 13-də ölkə ərazisində havanın temperaturu 5-8 dərəcə enəcək. Bu axşamdan gecəyə doğru küləyin güclənəcəyi gözlənilir. Güclü külək martın 13-ü günün ikinci yarısınadək davam edəcək. Bakıda və Abşeron yarımadasında bu gün havanın temperaturu günün birinci yarısında 12-15 dərəcə isti olduğu halda, sabah temperatur 5-7 dərəcədən yüksək olmayacaq. Aran rayonlarında martın 13-də havanın temperaturunun gündüz saatlarında 5-10 dərəcə, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı ehtimalı var. Gözlənilən hava şəraiti mart ayı üçün normal sayılır. Martın 15-dən isə ölkə ərazisində havanın temperaturu yüksələcək.