Nərmin üçün toplanan ianənin məbləği və hara sərf olunacağı açıqlandı

12 Mart 2014 12:55 (UTC+04:00)

Türkiyənin İstanbul Memorial Klinikasına müalicə almaq üçün aparılan, xərçəng xəstəliyindən əziyyət çəkən Nərmin Hüseynlinin vəfatı barədə artıq xəbər vermişdik. Mövqe.az xəbər verir ki, xeyriyyə məqsədilə mərhumun müalicəsi üçün 150 min manat lazım imiş. Bu məbləğin çox hissəsi yığılsa da, xəstə Nərmini ayaq üstə qaldıra bilmədi. Hal-hazırda maraqlı məsələ isə yığılan pulların hara getməsi, kimə sərf olunması məsələsidir. Məsələ ilə bağlı xeyriyyə məsələlərini təşkil edən təşkilatçı Fuad Hacıyevlə Mövqe.az-ın əməkdaşı əlaqə saxlayıb: " Nərminin ailəsinin başı dəfn mərasiminə qarışıb. Bu barədə onların danışması düzgün çıxmaz. Qaldı ki, maddi vəsait məsələsinə onu deyə bilərəm ki, biz əvvəlcədən də hər bir şeyi nəzərdə tutmuşduq. Əgər Nərmin həyata qayıtmasa, qalan vəsait xəstə bir insanın tam sağalmasına sərf olunacaq. Amma  həmin məbləğə sağala biləcək olan xəstə üçün o pullar sərf olunacaq. Məsələn, bir xəstəyə 100 min lazımdır, ancaq bizim əlimizdə 27 min qalıbsa təbbi ki, bu mümkün olmayacaq. Biz 27 minə sağalıb, ayağa dura biləcək bir insana yardım edəcəyik. Könüllü müraciət edənlər arasından həmin xəstə seçiləcək.  Mətbuat vasitəsilə hər kəsə çeklər, yığılan vəsaitin bir hissəsinin hara xərcləndiyi, dəfn mərasiminə nə qədər xərcləndiyi və s. məsələlər aydınlaşacaq və banklardan hesabat çıxarılacaq. Məsələn, ola bilər iki xəstə insan üçün həmin pulu sərf edək. Əlimizdə tutaq ki, 38 min qalıbsa bir xəstənin müalicəsi 8 min, digərinki 30 min tələb edirsə biz hər ikisinə yardım edəcəyik. Baxmayaraq ki, Nərmin dostumuz idi, amma ki, yenə də heç kəsə ayrı-seçkilik olmayacaq. Çünki məqsəd eynidir insan həyatını xilas etmək, xəstə insanı həyata yenidən qaytarmaqdır. 

"Ümumiyyətlə nə qədər vəsait yığılmışdır" sualına isə təşkilatçı belə cavab verib : " Nəzərə alsaq ki, Nərminin Youn Bakımda qaldığı hər gün bizə 5 min dollara başa gəlirdi. Nərmin 6 gün yarım orada qalıbdır. Türkiyəyə getmə xərcləri də var idi. Ortalama 110 min dollar (təqribi dəqiq deyil -red ) yığılmışdı. Ancaq hər bir şeyi dəqiqliklə sabah məlum olacaq. Çünki Mərkəzi bankdan çıxarış alcağıq. Qəpiyinə kimi orada yazılacaq. Çox şəfaf şəkildə hər şey məlum olacaq, ictimaiyyətə də çatdırılacaq".