Bazarda "ekonom-klass" tipli evlər tapılmır

13 Mart 2014 07:35 (UTC+04:00)

Aparılan araşdırmalar paytaxtın mənzil bazarında qəribə bir vəziyyətin yarandığını göstərir. Belə ki, hazırda mənzil bazarında alıcı kontingenti tərəfindən "ekonom-klass" tipli evlərə böyük tələbat yaranıb, lakin hazırda belə evlər tapmaq müşkül məsələyə çevrilib. Daha bir maraqlı nüasn isə ondan ibarətdir ki, tikinti şirkətləri hazırda müştərilərə belə ev təqdim etməkdə çətinlik çəkirlər.

Əsas səbəb də odur ki, onların inşa etdiyi binalarda belə mənzillərin sayı çox da yüksək olmayıb. Olanların böyük əksəriyyəti isə satılıb. Bəzi tikinti şirkətləri isə ümumiyyətlə, "ekonom-klass" tipli evlər inşa etmirlər. Ölkədə isə alıcı kontingentinin maliyyə imkanları məhz ekonom-klass tipli evlərin alınmasına daha çox imkan verir.

Lakin qeyd olunduğu kimi bazarda "ekonom-klass" tipli evlərin əsl qıtlığı yaşanır. Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bu xüsusda qeyd edir: "Ekonom-klass" tipli evlərin inşası Bakının Abşeron, Qaradağ kimi ətraf rayonlarının ərazilərində aparılır. Şəhərin özündə belə evlərə böyük tələbin olmasına, bunun ildən-ilə artmasına baxmayaraq, "ekonom-klass" tipli evlərin təklif həcmi azalmaqda davam edir. Bakının Xətai, Nizami kimi rayonlarında da belə evlərin inşası həyata keçrilir, lakin onların sayı çox azdır".

Qeyd edək ki, paytaxtda həyata keçrilən son söküntü işləri ilə bağlı olaraq "ekonom-klass" tipli evlərə tələbat daha da artıb. Tikinti şirkətlərinə isə bu qəbildən olan evlərin yenidən və daha çox sayda inşası üçün bir neçə il lazımdır. Bütün bunlar isə "ekonom-klass" tipli evlərlə bağlı bazarda qıtlıq yaşanmasına və onların qiymətinin bu şəraitdə bahalaşacağını istisna etmir.

Ekonom-klass tipli evlərin sayının çoxaldılması Azərbaycanda yeni ipoteka strategiyasında öz əksini tapıb. Burada ilk dəfə olaraq beynəlxalq təcrübəyə, o cümlədən qonşu Türkiyə və Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət və xüsusi bölmə partnyorluğu əsasında dövlətin ekonom-klass mənzil tikintisinin genişləndirilməsi və sosial ipoteka ilə əlaqələndirilməsi təklif edilir. Lakin strategiyanın nə vaxt təsdiqlənəcəyi hələ məlum deyil. Ekspertlər bildirir ki, "ekonom-klass" mənzil tikintisinin genişləndirilməsi və sosial ipoteka ilə satılması variantı ölkədə uğurla işləyə bilər. O da faktdır ki, bu variant həyata keçirilərsə, bazara müəyyən müsbət təsiri də olacaq. Belə ki, bu variant qiymət artımının qabağını alacaq, tələbi cilovlayacaq və qiymət stabilləşəcək.

Burada qiymətlərə dövlət nəzarəti də vacib sayılır. Xatırladaq ki, son illər şəhərdə onlarla yalançı "elit ev" tikilib və bu evlər sadə yeni tikililərdən, eləcə də "ekonom klass"lardan bir o qədər seçilmir, lakin buna baxmayaraq, elit qiymətlərlə bazara təklif olunur. Halbuki, bu evlərdə avtomobil dayanacağı, gəzinti meydançası, yaşıllıq, binanın giriş-çıxışı, təchizatı və s. göstəriciləri adi sosial tələblərə cavab vermir. Bu baxımdan təkrar mənzil bazarındakı evlərin qiyməti hələ də yeni tikilən binalardakı mənzillərdən üstün olaraq qalır. Bu mənada hökumət "ekonom klass" evlərin baha satılmasına qarşı müvafiq addımlar atmalıdır. Hələlik isə mənzillərin qiyməti yüksək olaraq qalır və bu, özəl şirkətlərin qiymət siyasətindən irəli gəlir. Buna son qoymaq üçün isə dövlətin özünün mənzil inşa edərək əhaliyə daha ucuz qiymətə satması təklif olunur. Özü də Azərbaycanda bu təcrübədən istifadə etmək üçün dövlətin imkanları olduqca genişdir.

Bir sıra xarici ölkələrdə "ekonom klass" evlərin belə dövlət tərfindən inşa olunaraq əhaliyə satılması təcrübəsindən geniş istifadə olunur. Məsələn, məlumdur ki, Çində mənzillərin qiymətləri həddən artıq yüksəkdir. Buna görə də sıravi vətəndaşlar mənzil ala bilmirlər. Çin hökuməti də bu fonda "ekonom klass" evlərin inşasını genişləndirdi. 2011-2016-cı illər ərzində gəlirləri az olan vətəndaşlar üçün ümumilikdə 36 milyon mənzil inşa edilməsi nəzərdə tutulub. Artıq onların yarıya qədəri inşa edilib. Azərbaycanda da analoji təcrübədən istifadə olunması zəruri sayılır və qeyd olunduğu kimi, dövlətin bu prosesdə yaxından iştirakı üçün lazımi maliyyə imkanları mövcuddur.