Krım tatarlarının lideri ilə Vladimir Putin arasında telefon danışığı olub
12 Mart 2014 22:16 (UTC+04:00)
Ukrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa
Abdulcəmil Krımoğlu ilə Rusiya prezidenti Vladimir Putin arasında
telefon danışığı olub. Movqe.az-ın UNİAN agentliyinə istinadən
verdiyi məlumata görə, Tatarıstanın keçmiş prezidenti Mintimer
Şaymiyevin vasitəçiliyi ilə baş tutan və yarım saata yaxın davam
edən telefon danışığı zamanı qərara alınıb ki, zərurət yaranarsa
yenidən əlaqə saxlanılsın. M. Abdulcəmil Ukrayna jurnalistlərinə
açıqlamasında deyib ki, V. Putin Krım məsələsinin 16 mart
referendumundan sonra həll olunacağını bildirib: "Putin belə bir
fikir söylədi ki, Rusiyanın nə edəcəyi barədə yekun qərar 16 mart
referendumundan sonra müəyyən olunacaq. Mən ona dedim ki, ən vacib
məsələ bizim ölkəmizin ərazi bütövlüyüdür və bu bütövlüyün
pozulması bizim nüvə silahından imtinamız müqabilində qarantor
dövlətlər kimi ABŞ, Britaniya və Rusiya tərəfindən 1994-cü ildə
imzalanan razılaşmaya ziddir. Qeyd etdim ki, əgər bu sənəd pozulsa,
onda bu cür razılaşmalara kimsə inanmayacaq və maliyyə imkanı olan
hər dövlət özünün nüvə silahını yaratmağa çalışacaq, Ukrayna da bu
baxımdan istisna olmayacaq. Putin isə bu mövzuda belə bir fikir
irəli sürdü ki, Ukraynanın öz müstəqilliyini elan etməsi
respublikaların SSRİ-nin tərkibindən çıxmasını nəzərdə tutan sovet
normalarına uyğun baş verməyib". M. Abdulcəmil Krımdakı
referendumun dünya ictimaiyyəti tərəfindən tanınmayacağını V.
Putinin nəzərinə çatdırıb. "Krımın Rusiya tərəfindən ilhaq
edilməyəcəyi ehtimalı varmı" sualına M. Abdulcəmil belə cavab
verib: "O, belə bir şey söyləmədi. Dedi ki, mənim toxunduğum
məsələlərin həlli ilə bağlı qərarlar referendumun nəticələrindən
asılı olaraq qəbul ediləcək". V. Putin telefon söhbətində Krımda
Rusiya qoşunlarının mövcudluğunu inkar etməyib. O, Krım tatarları
ilə hər hansı gərginliyin yaranmaması üçün göstəriş verdiyini
açıqlayıb. M. Abdulcəmilin sözlərinə görə, V. Putin ondan xahiş
edib ki, Krım tatarları münaqişəyə qarışmasın, belə ki, onun
fikrincə, Ukrayna millətçiləri və "banderaçılar" tatarları
münaqişəyə cəlb etmək istəyir: "Krımın köklü əhalisi olan
tatarların təhlükəsizliyinə qarantiyalar barədə danışdıq. Putin
məni əmin etdi ki, XX əsrdə çox fəlakətlər yaşamış Krım tatar
xalqının yeni bir faciə yaşamaması üçün mümkün olan hər şeyi
edəcək. O, Krım tatarlarının yaşayış məntəqələrinə xüsusi diqqət
yetirilməsi barədə göstəriş verib. Yəqin öz hərbçilərinə göstəriş
verib ki, Krım tatarları ilə hər hansı toqquşma olmasın". V. Putin
Tatarıstanın Rusiyanın tərkibində necə yaxşı yaşadığına da diqqət
çəkib. "Yəqin mənə işarə vurmaq istəyirdi ki, Krım da Rusiyanın
tərkibinə daxil olduqdan sonra bu cür xoşbəxt yaşayacaq", - deyə
Krım tatarlarının lideri bildirib.