Azərbaycan və Türkiyə birgə yeni silah istehsalına başlayırlar

13 Mart 2014 10:00 (UTC+04:00)

Məlumat verildyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Hərbi sahədə əməkdaşlığı ikitərəfli münasibətlərimizin inkişafının tərkib hissəsi kimi dəyərləndirən Prezident son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu deyib. Dövlət başçısı əməkdaşlığımızın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd edib. Mütəxəssislərin fikrincə, burada birgə hərbi istehsal sahələri dedikdə mövcud texnikaların daha da təkmilləşdirilməsi və bir sıra digər silah – sursatların müştərək istehsalı nəzərdə tutulur. Bunun isə perspektivdə xüsusən ölkəmiz üçün böyük əhəmiyyəti olacaq.

Hərbçi-ekspert Tərlan Eyvazov bildirdi ki, Azərbaycanda SSRİ-dən qalma hərbi istehsal sahələri mövcud olub: "Amma ölkəmizdə Müdafiə Sənayesi Nazirliyi yaranandan sonra bu iş daha mütəşəkkil şəkildə inkişaf etməyə başladı. Çox qısa müddət keçməsiən baxmayaraq, indi hətta xarici alıcılardan sifarişlər qəbul edirik. Bəllidir ki, bizim ən yaxın hərbi mütəffiqimiz Türkiyədir. Türkiyə ilə bizim birgə istehsalat sahəsi var. Onlardan 122 mm və 107 mm-lik "Qrad" qurğuları üçün mərmilər - reaktiv atəş sistemini göstərə bilərik. Hansı ki, biz müharibə illərində bundan çox kasadlıq çəkmişik. Artıq onlar özümüzdə istehsal olunur. Termal nişangah, hərbi optika sistemləri var. Bunlar da hazırda Türkiyə ilə birgə istehsal olunmaqdadır. Eyni zamanda həm aviasiya, həm də hərbi gəmiçilik sahəsində də bizim istehsal sahələrimiz mövcuddur. Bunların pespektivdə daha inkişaf etdirilməsi nəzərdə tutulur. Hazırda mühəndis istehkam qurğuları üzrə də birgə istehsalat var. Hətta təklif olunur ki, hərbi vertolyotların müəyyən hissələri Azərbaycanda hazırlansın. Pilotsuz kəşfiyyat təyyarələrinin pesrpektiv planda daha müasir variantının Türkiyə il birgə istehsal olunması nəzərdə tutulur. Bilirik ki, Türkiyə hərbi dəniz qüvvələri sahəsində də böyük təcrübəyə malik olan ölkədir. Hərbi gəmilərin istehsalı Türkiyədə önəmli yer tutduğuna görə o sahə üzrə də əməkdaşlıq etmək istiqamətində danışıqlar gedir".

Digər bir mütəxəssis Üzeyir Cəfərov bildirdi ki, Türkiyə Respublikasının Quru Qoşunları Komandanı Hulusi Akarın yaxın vaxtlarda Türkiyə silahlı qüvvələrinin rəhbərliyinə gətirilməsi gözlənilir: "Hulusi Akar Türkiyənin yaxın müttəfiqi kimi Azərbaycan ilə müəyyən məsələləri indidən planlaşdırmaq, həm də perspektiv üçün müəyyən əlaqələrin yaradılmasını istəyir. Məhz bu məqsədlə Azərbaycana gəlib. Burada kadr hazırlığı, Azərbaycan Türkiyə ilə birgə hərbi təyinatlı məhsulların çeşidinin genişləndirilməsindən söhbət gedir. Birgə hərbi təlimlərin sayının artırılması, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin Türkiyədəki təlimlərdə say tərkibinin və səfərlərinin sayının artırılması məsələlər var. Ona görə quru qoşunlar komandanı səfər edib ki, yaxın zamanlarda bu məsələlər praktiki müstəvidə reallaşması üçün konkret addımlar atılsın. 2014-cü ildə bu səfərin praktiki olaraq nəticələrini görmüş olacağıq".

Ekspert qeyd etdi ki, birgə istehsalat sahələri dedikdə həm raket mərmilərinin hazırlanması, hətta birgə istehsal olan yeni silahın ortaya gəlməsindən söhbət gedə bilər: "Bir müddətdir ki, bu barədə danışılır. Türkiyə-Azərbaycan ortaq istehsalı olan silahdan söhbət gedir. Mütəxəssislər bununla bağlı müsbət nəticələr əldə ediblər. 2014-cü ildə tərəflər həmin o silahı ortaya çıxarmaq üçün birgə işlərini bəyan edəcəklər. Müdafiə sənayesinin inkişafı üçün Azərbaycanın ən çox Türkiyənin dəstəyinə ehtiyacı var. Türkiyə sanki birgə istehsal olunan silahın dünya bazarında alıcılarının müəyyənləşdirilməsi istiqamətində lobbiçilik siyasətini həyata keçirəcək".