Bakı Metropolitenindən ticarətlə bağlı bəyanat

13 Mart 2014 10:32 (UTC+04:00)

"Bakı Metropoliteni" QSC-nin əsas vəzifəsi sərnişindaşıma, sərnişinlərin təhlükəsizliyini, eləcə də rahatlığını təmin etməkdir.


Lakin son zamanlar "Bakı Metropoliteni" QSC-nin metro stansiyalarında ticarət köşkləri həddindən artıq artması nəticəsində səliqəsizlik və natəmizlik yaranıb".

 

Bunu "APA-Economics"ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Fuad Tağızadə bildirib.

 

Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC yaranan ilk gündən əsas məqsədlərindən də biri də metro keçidlərindəki ticarətin birmənalı olaraq yığışdırılmasıdır: "Sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etmək üçün metro stansiya keçidlərindəki bu vəziyyəti qaydaya salmaq niyyətindəyik".

 

F.Tağızadənin sözlərinə görə, Bakı Metropoliteninin heç bir stansiyasında ticarət olmamalıdır: "Metro stansiyalarındakı ticarət köşklərinin harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu ticarət obyektlərində çalışan şəxslərlə həmişə bir aylıq müddətə müqavilə bağlanıb. Bu ilin fevral ayının sonunda onların müqavilələrinə xitam verilib və martın 1-dən dayandırılıb. Biz həmin ticarətçilərin fəaliyyətini ayın ortasında saxlamamışıq və ya onlarla illik müqaviləmiz yoxdur. Bir ayı tam işləyib icarə haqqını ödəyiblər. Ona görə də heç bir kompensasiyadan söz gedə bilməz". 

 

Qurumun baş mühəndisi qeyd edib ki, ticarət köşklərinin bağlanması mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, əvvəlcə ticarət köşklərinin bağlanması stansiyaların içindəki platformalardan başlayacaq: "Əvvəlcə şəhərin mərkəzindəki stansiyalardakı köşklər, daha sonra şəhər kənarındakı stansiyalarda fəaliyyət göstərən ticarət köşkləri bağlanacaq. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik".

 

Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, metropoliten rəhbərliyi qərarını dəyişməyib.