Ukrayna Ali Radası BMT-dən Krımdakı vəziyyətə təcili müdaxilə etməsini istəyib

13 Mart 2014 13:50 (UTC+04:00)

Ukrayna Ali Radası Krımda yaranmış problemin həlli üçün Birləşmiş Millətlər Təşkilatına müraciət edib. APA-nın "korrespondent.net" saytına istinadən verdiyi məlumata görə, 250 deputatın səs verdiyi müraciətdə bildirilir ki, Ukrayna BMT-nin təsisçilərindən biri kimi, BMT Nizamnaməsinin I maddəsinin 1-ci bəndi, II maddəsinin 3-cü və 4-cü bəndinə əsaslanaraq və XI maddəsinin 2-ci bəndinə uyğun olaraq təşkilatı Rusiya Federasiyası tərəfindən beynəlxalq hüququn təməl prinsiplərinin kobudcasına pozulması nəticəsində Krım Muxtar Respublikasında yaranmış vəziyyətə təcili şəkildə baxmağa çağırır.  

 

Sənəddə deyilir ki, BMT Nizamnaməsinin 51-ci maddəsində tanınan özünümüdafiə hüququna uyğun olaraq Ukrayna lazım gələrsə istənilən dövlətə və regional kollektiv təhlükəsizlik sisteminə öz ərazi bütövlüyünü təmin etmək məqsədilə hərbi kömək üçün müraciət etmək hüququnu özündə saxlayır.  

 

Ali Rada Ukraynanın avrointeqrasiya kursunun rəsmən bərpa olunması haqqında da qərar qəbul edib. Qərarın lehinə 252 deputat səs verib. "Ukraynanın avrointeqrasiya kursu bərpa olundu, bu münasibətlə Ukrayna xalqını təbrik edirəm", - deyə Ali Radanın sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov bildirib.