Bu gün şəhərimizdə bir-birindən gözəl, dəbli maşınların satıldığı kifayət qədər avtosalonlar var. Artıq demək olar ki, dünyaca məşhur bütün avtomobil brendləri Bakıda avtomobil həvəskarlarına təqdim olunur. Amma bir məsələ də var ki, bir çox hallarda bizdə eyni markalı, eyni model avtomobilin qiyməti digər xarici, məsələn elə qonşu ölkələrə nisbətən yüksək olaraq təqdim edilir. Lakin buna baxmayaraq, alıcılar da az deyil.
Nəqliyyat məsələləri üzrə ekspert
Seymur Yunusovun sözlərinə görə, avtomobil qiymətlərinin
bizdə daha yüksək olmasının obyektiv səbəbləri var:
"Hər bir ölkənin özünün gömrük və vergi siyasəti var. Bu
gömrük və vergi siyasətinə uyğun da dərəcələr müəyyənləşdirilib.
Elə ölkələr var ki, onlar maraqlıdırlar ki, ölkəyə avtomobil daha
ucuz gətirilsin. Bu səbəbdən də ölkədə gömrük və aksiz vergisini
aşağı tətbiq edirlər. Ona görə ölkələrdə qiymət fərqi ola bilir.
Digər mühüm məqam ondan ibarətdir ki, elə ölkələr var ki, o
ölkələrdə iri, qlobal avtomobil istehsalçılarının zavodları
yerləşir. Və yaxud da ki, həmin ölkəyə yaxın, qonşu ölkədə həmin
avtomobillər istehsal olunur. Bu da daşınma xərclərini aşağı
saldığından, avtomobilin qiyməti də aşağı olur. Beləlikdə, bizdə
avtomobillərin qiymətinin digər ölkələrə nisbətən baha olması
bu iki amildən, birincisi, gömrük tariflərindən, ikincisi isə
daşıma xərclərindən asılıdır.
Amma burda bir məsələ də var ki, bir sıra hallarda şirkətlərin ölkələrdəki distribüterləri avtomobilin qiymətinə müəyyən faiz qoyurlar ki, gəlir əldə etsinlər. Bu da dilerin böyüklüyündən və ya kiçikliyindən asılıdır . Böyük ölkələrdə daha çox avtomobil satıla bilir. Belə ölkələrdə təbiidir ki, dilerlər üçün daha çox güzəştlər edilir. Amma kiçik ölkələrdə dilerlərin də satışı az olur. Ona görə çox ciddi bir fərq yaratmır".
İqtisadçı Fərhad Bayramov da Mövqe.az
saytına verdiyi açıqlamada məsələ ilə bağlı fikirlərini bildirib:
"Azərbaycan avtomobil bazarında qiymətlərin qonşu ölkələrlə
müqayisədə yüksək olmasının ən birinci səbəbi avtomobillərin ölkə
ərazisinə daxil olduğu zaman onlara tətbiq olunan vergilərdən irəli
gəlir. Bu gün Azərbaycanda avtomobil istehsalı demək olar ki,
daxili tələbatı ödəmir. Bundan söhbət belə gedə bilməz. Digər bir
tərəfdən insanların əlində pulun həcminin artması da daxili bazarda
bahalı avtomobillərə tələbatı yüksəltdi. Bu gün qonşu
ölkələrdən Gürcüstanda 2000 manata satılan avtomobil Azərbaycanda
ən azı 3000-3500 manata satılır. Yəni Gürcüstanda mövcud olan
şəxslərin avtomobil üçün vaz keçməyi gözə aldıqları məbləğ ilə
Azərbaycandakı həmin təbəqənin ödəyə biləcəyi məbləğ arasında yerlə
göy qədər fərq var. Bazarda tələbat belə formalaşdığı üçün, təbii
ki, təklif edən insanlar avtomobillərə alıcı tapdıqlarını görüb
onlar üçün yüksək qiymətlər təklif etməyə
başladılar".
İqtisadçı "Avro-4" standartına keçidin də avtombil qiymətlərinin artımına təsirli olacağını düşünür. Ekspertin sözlərinə görə, bazar qiymətlərini müəyyən qədər də vətəndaş özü müəyyənləşdirir: "Bazarın özünün də funksiyası var. Yəni, tələb və təklif məsələsi. Hər halda 90% əminliklə söyləmək olar ki, o maşınların Azərbaycanda alınmasına imkan var ki, onlara həmin qiymət qoyulur. Heç bir sahibkar heç bir halda vətəndaşa sən bu avtomobili zorla almalısan demir. 9 min manata olan avtomobili bazarda 15 min manata qoyur, vətəndaş da gəlib ya kreditlə, ya borc-xərclə o avtomobili alır. Deməli, vətəndaş bunu gözə alır və ödəmə gücünü özündə hiss edir. Beləliklə, vətəndaş gedib bazardan həmin maşını almaqla əslində, bazarın formalaşmasına birbaşa olaraq təsirini göstərir".