Masallı rayonunun Yeddioymaq kəndi..

13 Mart 2014 11:03 (UTC+04:00)

Tarixi mövzuda yazılan hər kitab dünənin, bu günün və sabahın səlnaməsidir. Haqqında söz - söhbət edəcəyim "Yeddioymaq" kitabı da belədir. Onun müəllifi  Tofiq müəllim öz cavan ömrünü tez başa vurdu, amma,  əbədi qoyub getdiyi bu kitab nəsıllərə qalacaq.Və bu sərvəti heç bir qiymətlı əşya əvəz edə bilməyəcək... 

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü  ƏLİHÜSEYN ŞÜKÜROV növbəti məktubunda yazır ki,Yeddioymaq k əndinin adının mənası və kəndin qısa tarixçəsi belədir:


Mərhum tarixçi, əslən yeddioymaqlı Tofiq müəllimin kitabında ( T. İslamov ."Yeddioymaq". Bakı. "Adiloğlu" nəşriyyatı. 2010, 152 səh.)  qeyd olunur ki, yaşlı adamların verdiyi məlumata görə ilk yaranışda Yeddioymaq kəndi yeddi tayfadan ibarət olmuşdur. Son dövrlərə qədər də kəndimiz aşağıdakı yeddi tayfadan ibarət idi: -

bəylər, axundlu, rəcəbilili, korlar, abaslı, məşədirəhimli və tağılı. Bu tayfaların hər birinin tarixdə yeri və rolu olmuşdur. Kənddə bu tayfalardan törəyən kiçik tayfalar da mövcuddur.

İllər keçdikcə tayfalar qaynayıb bir-birinə qarışmışdır. Yaşlı nəsil kəndin bu tayfalardan əmələ gəldiyini göstərirlər. Hətta bu tayfaların yeddi qardaş olduğunu göstərirlər. Görünür bu türk tayfalarının birliyinə işarədir.

"Oymaq" sözü bir neçə mənada işlənir. Azərbaycan Ensiklopediyasında oxuyuruq: - mahal, yurd, oba, məskən və s. Mənaları bildirən termin. Oymaq ifadəsi tayfa, habelə köçəri maldar məskənlərini bildirmək üçün də işlədilirdi. Oymaqda qədim quruplar, nəsil və icmaya (bəzən də müxtəlif icmalar) birləşirdi. Əbdülqazi Bahadır xana (XVII əsr) görə oymaq sözü uyğur, qədim terk və monqol dillərində "toplamaq", "qaydaya tabe olmaq" mənasına uyğun gəlir. Azərbaycan şifahi xalq ədəbiyyatında "oymaq " sözünə tez-tez rast gəlinir.

Görkəmli alim Əsgər Zahidovun yazdığına görə "Yeddioymaq talış xanlığının Rusiyaya birləşməsindən qabaq oturaq həyata keçmiş Şahsevən tayfalarındandı.

"Oymaq" türk mənşəli sözdür. Oymaq müxtəlif qruplarda cəmləşən sakinlərin bir yerdə yaşaması ilə əlaqədar yaranmışdı. Oymaq hər qəbilə və tayfadan kiçik qurp hesab olunur"


Masallı rayonunun toponimlərinin tədqiqatçısı nadir Məmmədov Yeddioymaq haqqında belə yazır: Kəndin 200-250 il tarixi vardır. Vaxtilə burada Qarabağdan və Təbrizdən köçüb gələnlər indiki I Yeddioymaq, II Yeddioymaq arasında çadır salıblar. Çadırlar oymaqı xatırlatdığına görə buranın sakinləri kəndə Yeddioymaq adı vermişlər". Qəribədir, "Masallı dünən - bu gün kitabındakı məqalədə N.Məmmədov yuxardakı fikirlərin əksinə gedərək göstərir: "Kənd ilkin sakinlərinin etnik mənsubiyyətinə - yeddi oymaq nəslinə mənsub olmasına görə belə adlandırılmışdır".

Tanınmış alim Tofiq Əhmədov "Azərbaycan toponimikasının əsasları" kitabında yazır: "Oymaq " sözünü izah edən N.Zedlits göstərir ki, o həm türk, həm də monqol dillərində "tayfa" deməkdir. Həştərxan kalmıklarında "oymaq" sözü ilə bir-biri ilə qohum olan bir sıra qrup (xoton) ailələr işarələndirilir. Tayfa adları ilə yaranan toponimlərdən danışarkən T.Əhmədov daha sonra yazır: "Masallı rayonundakı Birinci Yeddioymaq və İkinci Yeddioymaq kəndləri və onların adları da bu yolla yaranmışdır. Talış xanlığının Rusiyaya birləşməsindən əvvəl Şahsevənlərin bu zonada oturaq həyat keçmələri ilə əlaqədar yaranan Yeddioymaq kəndi sonralar genişlənərək iki yerə ayrılmış və yaranan eyniadlı kəndləri bir-birindən fərqləndirmək üçün önlərinə birinci və ikinci ünsürləri əlavə edilmişdir. Toponimlərin tərkibindəki "oymaq" sözü türk mənşəli olub bir sıra türk dilləri və dialektlərində və o cümlədən azərbaycan dilinin Sabirabad, Oğuz, Şəki şivələrində oyax xalq, tayfa, ailə, köçəri qrup və s. mənalarında işlənir".

Müxtəlif dövrlərdə buraxılmış rus xəritələrinə əsaslanan tarixçi Əli Hüseynzadənin fikirincə "Qızılağac kəndinin cənubunda Xəzər dənizinin sahilində bir-birinə yaxın iki Yeddioymaq kəndi olmuşdur. 1903-cь ilə aid bir xəritədə Bolqarçay ilə Araz arasında Qaradonlunun cənubunda İran sərhədinə yaxın bir Yeddioymaq da qeyd edilir. Amma iki əvvəlki kənd xəritədə yoxdur. 1921-ci il siyahısında Lənkəran qəzasının Ərkivan nahiyyəsində iki Yeddioymaq kəndi göstərilir. Hər iki kəndin əhalisi azərbaycanlı olmuşdur.


Mülahizədə "yeddioymaq" sözünün mahiyyəti əhalinin ərazidə məskunlaşması tarixi və mənşəyi haqqında məlumat verilmir

Göründüyü kimi, Yeddioymaq adına və Yeddioymaq tayfalarına azərbaycanın digər yerlərində rast gəlinir.

Sabir Nəsiroğlu "Həməşəradan gələn səslər" kitabında yazır. "Rayonumuzda məskunlaşan qızılağaclılar əsasən əcirlilərin müxtəlif tirə və nəsillərinin nümayəndələridir. Yeddioymaq Əmirxanlı, Xançobanlı və s. tirlərin kütləvi halda yaşadıqları məhəllələrə köçüb gəldiyi yurdlarının adını vermişlər. Lakin yerli əhali bu ailələri ьmumi olaraq qızılağaclılar kimi adlandırırlar. Hal-hazırda bu ailələr cəlilabadlılara tam şəkildə qaynıyıb-qarışmışlar".


Türk tarixinin gözəl bilicisi Qiyasəddin Qeybullayevə görə "Şahsevənlərin azərbaycan ərzisinə köçməsi müxtəlif vaxtlarda baş vermişdir. Birinci XIX əsrin əvvəllərində və Talış xanlığının Rusiyaya birləşdirilməsindən sonra şahsevənlərin bir hissəsi oturaq həyata keçərək Yeddioymaq kəndinin əsasını qoydular. Digər hissəsi isə yarımköçəri təsərrüfatlarını qurdular".


Görkəmli Azərbaycan səyyahı H.Şirvani Yeddioymaq kəndlərinin ərazisini "Lənkəran Muğanı" kimi xarakterizə edərək yazır: "Əhalisi əsasən şiə məhzəblidir. Türk dilində danışırlar. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızıl baş tayfasından şahsevənlər o ölkədə çoxdur".

Kəndimizin əhalisinin mənşəyi və tarixi ilə əlaqələndirilən Şahsevən tayfaları kimdirlər?


Azərbaycan xalqının tərkibinə daxil olan tayfalardan biri də şahsevənlərdir. Bu tayfalar haqqında qaynaqlarda maraqlı məlumatlar vardır. Şahsevənlər XVII əsrdə köçəri tayfa ittifaqı nəticəsində yaranmışdır.


Şahsevən sözü "şahı sevən gəlsin" ifadəsinin qısaldılmış şəklidir. Məhz bu sözlərlə I Şah Abbasın (1587-1629) hakimiyyətini möhkəmləndirmək, yerlərdə şahı təğlib etmək məqsədilə şah tərəfdarlarının ilk dəstələri ətrafındakı adamlara müraciət etmişlər. Şah Abbas bu tayfaları əsasən Şimal rayonlarına göndərərdi. Xьsusilə Muğanda çoxlu şahsevən ailələri dövlətinin tərkibində əsas hərbi siyasi qüvvə kimi tanınmışdılar. Səfəvi şahları şahsevənlərə inanır, onlara xüsusi imtiyazlar verir, torpaq sahələri və mülklər bağışlayırdılar.


Qaynaqların məlumatına görə Şahsevənlər əsasən köçəri həyat sürürdülər. XIX əsrin ortalarında şahsevənlərin çoxu köçəri həyatdan uzaqlaşmış, maldarlıq, toxuculuq, qismən də əkinçiliklə məşğul olmuşdur. Mənbələrin birində məlum olur ki, rayonumuzun Qızılağaç kəndi yaxınlığında vaxtilə Şahsevən adında kənd olmuşdur. Salnamıçi M.Əhməd "Əxbarnamə" əsərində yazır: "Gördük ki, Qızıl ağac kəndi ilə Şahsevən kəndi arasında dörd min kazak və saldat durmuşdur".


Faktiki olaraq Qızılağac kəndinin yaxınlığında Şahsevən kəndinin olması, özü də XIX əsrin sonlarında çox mübahisəlidir. Bu fakt digər mənbələrdə təsdiqini tapmır.


Görünür M.Əhməd yeddioymaqlıları Şahsevən tayfaları adlandırdığından Yeddioymaq kəndini də mexaniki olaraq Şahsevən kəndi kimi vermişdir. O da maraqlıdır ki, M. Əhməd "Əxbarnamə" əsərində dəfələrlə Yeddioymaq adını işlətmişdir.

Talış xanlığının tarixindən bəhs edən M.Əhməd "Əxbarnamə" əsərində Yeddioymaq əhalisinin şahsevən türk tayfalarından ibarət olduğunu, onların XIX əsrdə bu ərazilərdə məşkunlaşdığını və hətta yuxarıda deyildiyi kimi Qızılağac kəndi yaxınlığında Şahsevən kəndi olduğunu söyləyir. M.Əhməd yazır: "o zamanlar Boradigahdan Göytəpə зayına kimi Dəştvənd mahalı idi. Qalan kəndlər isə türk idi. Bu sətrləri yazarkən (1883) türklər son dərəcədə зoxalıb kəndlər salmışdılar. Onlar ətraf yerlərdən gəlmiş qəriblərdi. Özü də təzə gəlmişdilər".


Tarixçi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Musarza Mirzəyev "Mənim Masallım" kitabında bu fikirlərin Yeddioymaq kəndlərinə aid olması faktı ilə haqlı olaraq razılaşmır. O, yazır: M.Əhmədin türkdilli tayfaların məskunlaşması ilə bağlı fikirlərini Yeddioymağa aid etmək olmaz. Çünki onun bəhs etdiyi dövrdə (1883) artıq Yeddioymaq toponimi mövcud idi. Belə ki, 1831-ci il Talış qiyamında" yeddioymaqlılar fəal iştirak etmişdilər.


Tarixi mənbələrin verdiyi məlumata görə şahsevənlər döyüşkən tayfa idilər. Vaxtı ilə Quba xanı Fətəli xan öz sərhədlərini möhkəmləndirmək məqsədi ilə Muğanda yerləşən şahsevənləri xanlığın ərazisinə köçürdü.


Göründüyü kimi şahsevənlərin tarixi və onların Yeddioymaq ərazisində məskunlaşması yaxın əsrləri əhatə edir.



 

Yeddioymaq camaatının elmə -təhsilə böyük marağı olmuşdur. 

II Yeddioymaq kənd məktəbi  -  kənddə ilk məktəbin açıldığı tarix 1930-1931-ci tədris ilindən fəaliyyətə başladı və I Yeddioymaq, II Yeddioymaq, 

Qasımlı və Şıxlar kəndlərində təhsilin, elm və mədəniyyətin mayakına çevrilərək " Ağ məktəb" kimi fəaliyyətə başladı.


Kəndin ilk ali təhsillisi  Teymurbəy Məmmədbəy oğlu Bayraməlibəyov olmuşdur.(1862-1937).


XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş onlarca parlaq simalar fəaliyyət göstərmişlər. Bütün həyat və fəaliyyətini həmvətənlərinin təhsilə, elmə, maarifə və mədəniyyətə yiyələnmələrinə həsr etmiş görkəmli ziyalılarımızdan biri də Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyov (1862-1937) olmuşdur. O, 1862-ci il avqust ayının 22-də keçmiş Lənkəran qəzasının Yeddioymaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş və Sədi Şirazinin (1210-1292) "Gülüstan" kitabı əsasında fars dilinə yiyələnmişdir. Daha sonra Lənkərandakı 2 sinifli rus məktəbində oxumuş, 1875-ci ildə oranı bitirib Tiflisdəki feldşerlik məktəbinə daxil olmuşdur. Oranı da müvəffəqiyyətlə bitirdikdən sonra 1879-cu ildə Qori Müəllimlər Seminariyasının 2-ci sinfinə qəbul olunmuşdur.

1881-ci ildə seminariyanı bitirən Teymur bəy Lənkərandakı 2 sinifli rus məktəbində rus dili və riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq  və inandırmaq yolu ilə məqsədinə nail ola bilmişdi. Bu böyük zəhmətin nəticəsi idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdir.

Teymur bəy Bayraməlibəyovu zaman bizə sələflərinin və müasirlərinin "təzə kitabxanalar, qiraətxanalar və məktəbxanalar" açmaq, Azərbaycanda kitab və mətbuat bolluğu yaratmaq üçün mətbəə və nəşriyyatlar təsis etmək səylərinin ardıcıl davamçılarından biri kimi tanıdır. Sələflərinin "Xeyriyyə cəmiyyəti" yaratmaq təşəbbüsləri də onu çox düşündürən məsələlərdən idi. O, 1884-cü ildə yaratdığı "Xeyriyyə cəmiyyəti"nin xətti ilə şagirdlərə dərslik, yemək, paltar, ayaqqabı və oxumaq haqqını ödəmək işlərini həyata keçirmişdir. Teymur bəyin təkidi ilə 2 sinifli məktəbi bitirən və  orta təhsil məktəbinə daxil olmaq istəyənlərə "Xeyriyyə cəmiyyəti" yol xərci ödəyir və digər köməklik edirdi. T.Bayraməlibəyovun təşəbbüsü ilə yaradılan ilk dram dərnəyində həvəskar artistlərin iştirakı ilə M.F.Axundzadənin "Hacı Qara", N.Nərimanovun "Dilin bəlası", N.B.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" pyesləri, Ə.B.Haqverdiyevin "Kimdir müqəssir", S.M.Qənizadənin "Axşam səbri xeyir olar" əsərləri tamaşaya qoyulmuşdu. Xeyriyyəçilik məqsədi güdən teatr tamaşaları gənclərdə estetik zövqü inkişaf etdirməklə yanaşı, onlarda teatr və səhnə sənəti haqqında təsəvvür yaradırdı.


1881-ci ildən 1899-cu ilədək Lənkərandakı 2 sinifli şəhər məktəbində müəllimlik edən T.Bayraməlibəyov 1906-cı ildə öz vəsaiti hesabına orada qiraətxana açmışdı ki, həmvətənlərinin geniş dünyagörüşlü insan kimi formalaşmasına kömək etsin. Əks təbliğat işi ilə məşğul olması bəhanə edilərək Bakı qubernatoru Alışevskinin əmri ilə  T.Bayraməlibəyovun işdən azad edilməsi mahiyyət etibarı ilə qiraətxanaya və oxuculara vurulan böyük mənəvi zərbə idi.  Vəziyyətin gərginləşdiyini görən Teymur bəy Lənkəranda yaşayan bir qrup iranlı ziyalının adından İran səfirliyinə ərizə ilə müraciət edərək, onların uşaqlarının ana dilində təhsil almaları üçün bütün xərcləri öz üzərinə götürmək şərtilə "Behcət" adlı fars-türk ibtidai məktəbinin açılmasına icazə istəyir. Teymur bəyin səyi nəticəsində 5 sinifli "Behcət" adlı məktəb 15 sentyabr 1907-ci ildə İran səfiri İsmayıl xanın səlahiyyəti altında təsis edilir. Orada fars, Azərbaycan, ərəb və rus dilləri tədris olunmaqla şəriət, ərəb qrammatikası, riyaziyyat, coğrafiya, rəsmxət və xəttatlıq dərsləri keçilirdi. Teymur bəy bu məktəbin rus dili müəllimi idi.


Teymur bəyin təşəbbüsü ilə yaradılan "Behcət" məktəbi 1910-cu ildə uydurulmuş bəhanələr əsasında qubernator Alışevskinin qəzəbinə tuş gəlir. Onun əmri ilə məktəb çar hökümətinin ideyalarının əleyhinə təbliğat işi apardığına, şagirdlərə pis nümunə göstərdiyinə və inqilabi yuva rolunu oynadığına görə bağlanır.


Lənkəranda tez-tez maneə və müqavimətlə qarşılaşan Teymur bəy mənəvi tərəqqi uğrunda əvvəlki ardıcıl mübarizəsini yenidən davam etdirir. O, 1909-cu ildə "Ziya" adlı ilk rus-tatar (Azərbaycan) məktəbini açır. Əzabkeş, xeyirxah və uzaqgörən ziyalının zəmanəti və köməyi ilə az sonra bu məktəbin qapıları uşaqların üzünə Dağıstanda açılır. Dağıstan qubernatorunun zəmanəti ilə T.Bayraməlibəyov bu məktəbə müdir təyin olunur.

Teymur bəy Bayraməlibəyovun savadı, bacarığı, təşkilatçılığı onu Lənkəran Dumasına gətirib çıxarır. Dumada fəaliyyəti nəticəsində 1910-cu ildə o, Lənkəranda 4 sinifli ibtidai məktəbin açılmasına nail olur. Daha sonra isə onun ardıcıl səyləri ilə bu məktəb 3 sinifli gimnaziyaya çevrilir.

1911-ci ildə Lənkəran qəzasında Teymur bəy Bayraməlibəyovun işıqlı ömür yolunun ən parlaq səhifələrini təşkil edən pedaqoji fəaliyyətinin 30 illiyi təntənəli surətdə qeyd edilir.


1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisist və ictimai-siyasi xadimin yaradıcılığını əsasən 2 dövrə ayırmaq olar. Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra - 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir.


Teymur bəy Bayraməlibəyov "Kaspi" qəzetinin Lənkəran müxbiri kimi 1883-cü ildən 1917-ci ilədək fəaliyyət göstərmişdir. Adı H.Zərdabi, N.B.Vəzirov, E.Sultanov, Ə.Ağaoğlu (Ağayev), M.Mahmudbəyov və başqa ziyalıların cərgəsində çəkilməyə layiq olan Teymur bəy Bayraməlibəyov bizə layiqli bir irs qoymuşdur.


Teymur bəyin 1 sentyabr 1885-ci ildə tarixi mövzuda qələmə aldığı "Talış xanlığının tarixi", "Lənkəran keçmişdə", "Talışın meşə-çöl sahəsi", "Talışın quşlar aləmi", "Lənkəran qəzası talışlarının kosmoqonik rəvayət və inamları" 1881-ci ildən Tiflisdə nəşr olunmuş lSMOMPK" məcmuəsinin üç sayında,  "Novruz bayramı" silsilə məqalələri isə "Kaspi" qəzetinin 1913-cü il 55, 56, 57-ci saylarında çap olunmuşdur.

Tibb təhsili almış Teymur bəy Bayraməlibəyovun etnoqrafik irsində xalq təbabəti ilə bağlı bir neçə əlyazması da vardır.

Teymur bəy Bayraməlibəyovun irsi tədqiqatçı alimlər tərəfindən qəzet və jurnal səhifələrində, eləcə də iki monoqrafiyada işıqlandırılmışdır.

Teymur bəy Bayraməlibəyovun ailə şəcərəsini nəzərdən keçirdikdə bu böyük ailənin nümunəvi tərbiyə və təhsil ruhunda yetişməsinin şahidi oluruq. Bu nəsildə həkim də, müəllim də, alim də, ictimai xadim də vardır.


Avqustun 22-də Teymur bəy Bayraməlibəyovun doğum gününün 149-cu ili tamam oldu. 2012-ci ildə isə bu böyük ziyalı, maarifçi, pedaqoq, publisist, tarixçi-etnoqrafın, folklorşünasın anadan olmasının 150 illik yubileyi tamam olur. Keçdiyi mənalı ömür yolunda, xalqın elm, təhsil və maarifə yiyələnməsi uğrunda apardığı şərəfli mübarizələrlə dolu həyatında Teymur bəy Bayraməlibəyov çox böyük işlər görmüşdür. Ümid edirik  ki, Teymur bəy Bayraməlibəyovun bizə qoyub getdiyi irsi - əsərləri və dövri mətbuatda çıxan məqalələri toplanılaraq kitab halında nəşr olunacaqdır.  

 

 

1996-cı ildə Yeddioymaq kənd orta məktəbinə Teymur bəy Məmmədbəy oğlu Bayraməlibəyovun adı verilmişdir.

İndi bu ərazidə  Teymur bəy Məmmədbəy oğlu Bayraməlibəyovun yolunu davam etdirən onlarca aziyalılar, alımlər ordusu yaranmışdır.Əgər biz onların adını  bu qəzet yazısında sadalasaq,  böyük bir siyahı alınar…Əlbəttə, biz o adamlar haqqında gələcək yazılarımızda geniş söhbət açacağıq.

 

Yeddioymaqakı  XIXəsrə aid məscidilər ərazi vahidinin tarixi abidələri hesab olunur.Qeyd edək ki, ərazi Qasımlı, 1 – 2 Yeddioymaq kəndlərindən ibarətdir.

Yeddiomaq ərazisinin adamları,   kənddəkilərin əsas məşğuliyyəti 

əkinçilik və heyvandarlıqdır.


ƏLİHÜSEYN ŞÜKÜROV.

Masallı - Murmansk