“Qurtuluşdan başlanan yol”

15 İyun 2012 13:15 (UTC+04:00)

İyunun 14-də Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  "Qurtuluşdan başlanan yol" adlı konfrans keçirilib.  Konfransı giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gələn qonaqları salamladı və Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən icra başçısı "Qurtuluş günü"nün tarixi əhəmiyyətindən söz açdı: "15 iyun Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ötən il Dövlət Müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümünü təntənəli şəkildə qeyd etdik. Bu 20 illik uğurları təhlil edərkən bir daha belə bir qərara gəldik ki, ölkəmiz bu illər ərzində 100 illik inkişaf yolunu keçib və bu gün ölkəmiz iqtisadi və siyasi cəhətdən regionun ən inkişaf etmiş dövlətinə çevrilib. Bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuz sahibi olan təşkilatlar, ölkələr üçün əhəmiyyətli dövlətə çevrilib".

Ölkəmizin son 19 ildə uğurlu inkişaf yolu keçdiyini deyən cənab Fərzəliyev 1991-1993-cü illərdə Azərbaycanı bürüyən daxili çəkişmələri də xatırlatdı. Onun sözlərinə görə, bugünkü Azərbaycan məhz bu 19 illik inkişafın nəticəsidir: "Azərbaycan xalqı 19 ildir ki, bu günü qürur hissilə, iftixarla qeyd edir. Niyə? Çünki ölkəmiz ötən əsrin əvvəllərində qazandığı müstəqilliyi itirdiyi kimi 1993-cü ilin yayında da itirmək təhlükəsi ilə qarşılaşmışdı. Bu vaxt Azərbaycanda vətəndaş qarşıdurması başlanmışdı. Ölkənin daxilində müxtəlif siyasi qüvvələrin hakimiyyətə gəlməsi naminə qardaş qırğınının əsası qoyulmuşdu.  Nəhayət, o vaxtkı iqtidar Azərbaycan xalqının tələbi ilə razılaşaraq həmin zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri işləyən ümummilli lider Heydər Əliyevi Azərbaycana dəvət etmək məcburiyyətində qaldı. Hansı ki, o vaxt Heydər Əliyev çətin vəziyyətdə yaşayan Naxçıvanı o çətinlikdən xilas etmişdi, naxçıvanlıların yaşayışını yaxşılaşdırmışdı. Bilirsiniz ki, o dövrdə Azərbaycanın bir çox bölgələrində hadisələr baş vermişdi. Gəncədə, eləcə də respublikamızın Şimal və Cənub bölgəsində separatizm meyllərinin artması və şiddətlənməsi müşahidə olunurdu. O vaxtkı hakimiyyətdə olan qüvvələrin savadsızlığı və səbatsızlığı üzündən ölkədə parçalanma, xaos yaranmışdı. Məhz ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə Bakıya qayıtdıqdan sonra Gəncəyə getdi və bundan sonra ölkə normal siyasi vəziyyətinə qayıtmağa başladı. İyun ayının 15-də parlamentin üzvlərindən ibarət olan Milli Şura ümummilli lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsinə razılıq verib. Məhz həmin gündən Azərbaycanın təhlükəsizliyinin təminatının, onun iqtisadi inkişafının, Azərbaycanda yaşayan müxtəlif xalqların birliyinin əsası qoyulmuşdu və dövlətin, dövlətçiliyin itirilməsinin qarşısı alınmışdı".

Ölkəmizin qısa zaman ərzində çox böyük tarixi inkişaf yolu keçdiyini vurğulayan icra başçısı bu inkişafda ulu öndər Heydər Əliyev və onun siyasi davamçısı cənab İlham Əliyevin mühüm rolunun olduğunu vurğuladı: "Bu gün qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevi yad edir. Bütün bunlarla yanaşı, müxtəlif təşkilatlarda, ictimai, dövlət və hökumət qurumlarında ümummilli liderlə bağlı müxtəlif tədbirlər keçirilir. Təbii ki, bu tədbirlərin çox böyük əhəmiyyəti var".

Sonra söz professor Əlişir Musayevə verildi. Hələ ölkənin ağır dövründə Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə çıxış edən və Heydər Əliyevin yenidən Azərbaycana dönməsini tələb edən "91-lər"dən biri olan Əlişir Musayev 1993-cü ildə baş verən hadisələr haqqında danışaraq, çətin şəraitdə Heydər Əliyevin ölkəmizə qayıtmasını böyük qurtuluş kimi qiymətləndirdi: "Bu konfransın adı çox maraqlı seçilib. Mən istərdim iki əsas yolu qeyd edim. Birincisi, "qurtuluş"a qədər olan yoldur, digəri isə "qurtuluş"dan sonrakı yoldur. Birinci yol çox çətin, məşəqqətli bir yoldur. Hamı bilir ki, o dövrdə ölkəni xaos, vətəndaş qarşıdurması bürümüşdü. Məhz belə bir dövrdə ölkəni idarə etməyi bacaran, hamı tərəfindən qəbul edilən siyasi lider lazım idi. Məhz Heydər Əliyev bütün bu tələblərə cavab verən şəxsiyyət idi. Ümummilli lider həm də böyük elm hamisi idi. O, ölkənin o çətin durumunda tələbələri xaricə oxumağa göndərirdi. O vaxt xaricdə doktorantura təhsili almaq üçün çoxlu gənclər göndərilmişdi. Onlardan biri də mən idim. Həmin gənclər sonrakı dövrlərdə böyük alimlər oldular. Bütün bunlar göstərdi ki, ölkədə savadlı kadrların hazırlanmasında ümummilli liderin rolu danılmazdır."

Konfransda çıxış edən professor Cümşüd Nuriyev isə Heydər Əliyevlə bağlı başqa məqamlara toxundu. 90-cı illərin əvvəllərində baş verən hadisələrin içində olan Cümşüd Nuriyev o olayların canlı şahidi kimi fikirlərini paylaşdı: "İstərdim bu hadisələrin iştirakçısı kimi danışım. Hesab edirəm ki, "qurtuluşdan başlanan yol"u 7 istiqamətdə birləşdirmək olar. Bunlar siyasi, iqtisadi, hüquqi, mədəni, hərbi, innovasiya, sosial və struktur istiqamətləridir. Siyasi islahata Azərbaycanda  dünyəvi və humanitar dövlət yaradılıb. İqtisadi inkişafdan danışsaq ölkəmizin paralel iqtisadi islahatlar modelindən də danışmalıyıq. Hazırda bu model bütün dünyada qəbul edilib. Bu modelin əsasını Heydər Əliyev qoydu. Hərbi sahədəki islahatların nəticəsi olaraq 1990-cı illərin əvvəllərində  heç bir ordusu olmayan Azərbaycanın indi yalnız hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1993-2003-cü illərdə 1000-dən artıq müxtəlif səpkili qərarlar qəbul edilib ki, bu da hüquqi islahatların göstəricisidir. 5 pilləli məhkəmə sisteminin yaradılması da bu yöndə atılmış addımlardandır. BMT-nin açıqladığı nəticələrə görə Azərbaycan insan inkişaf indeksinə görə 106-cı yerdən 67-ci yerə gəlib. Bu çox böyük rəqəmdir. Dünyada belə sürətli sosial inkişafı olan ikinci bir ölkə yoxdur. İnnovasiya sahəsində uğurlu addımlar atılır". 

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Gülsel Səfərova isə Heydər Əliyevin gənclər siyasəti sahəsində gördüyü işlərdən danışdı: "Azərbaycanın siyasətinin formalaşmasında Heydər Əliyevin böyük rolu var. O, hər zaman gənclərə böyük qayğı və diqqətlə yanaşıb".

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də Milli Qurtuluş Gününün  tarixi əhəmiyyətini qeyd edərək, Heydər Əliyevlə bağlı bəzi məqamları xatırlatdı. "Azərbaycanın ötən əsrin sonlarında yenidən  qazandığı dövlət müstəqilliyindən artıq 20 il keçib. Bu 20 ildə müstəqil Azərbaycanın  inkişaf yolu məhz 15 iyundan başlanıb. Bu gün hamının yaddaşındadır. Həmin vaxta qədər Azərbaycan dövlət kimi parçalanmaq təhlükəsi ilə üzləşmişdi.  Bir tərəfdən Talış-Muğam respublikasının yaradılması, şimalda sadvalçıların baş qaldırması, digər tərəfdən daxildə vəzifə uğrunda mübarizə Azərbaycanı fəlakətə aparırdı. Artıq iyunun əvvəllərində  Gəncədə məlum hadisələr baş vermişdi, qardaş-qardaşa silah qaldırmışdı. O vaxtkı dövlət, hökumət bunun qarşısını ala bilmirdi. Azərbaycanın belə ağır vəziyyətində müdrik ağsaqqalımız Heydər Əliyev Bakıya dəvət edildi. Onun titanik fəaliyyəti sayəsində Azərbaycan parçalanmq təhlükəsindən xilas oldu, həqiqi dövlət müstəqilliyinə qovuşdu.  O dövrdə ən böyük çətinliklərdən biri "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlı idi.  Həmin müqavilənin imzalanmasına çox əngəllər oldu, amma ulu öndərin fəaliyyəti nəticəsində sözügedən müqavilə bağlandı və bu gün onun bəhrəsini görürük. Neftimizin gətirdiyi gəlir hesabına Azərbaycan sürətlə inkişaf etməkdədir.

O dövrdə Azərbaycan informasiya blokadasındaydı. Azərbaycanın səsini heç kim eşitmirdi. Bu sahədə də ulu öndər böyük işlər gördü, dünya Azərbaycanın səsini eşitməyə başladı.

Ümummilli lider Heydər Əliyev irsinin ən böyük nüma- yəndəsi olan cənab İlham Əliyev ulu öndərin layiqli davamçısıdır və onun müəllifi olduğu daxili və xarici siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan beynəlxalq hüququn müstəqil və kifayət qədər güclü olan müstəqil subyektlərindən biri kimi çıxış edir".