İcarə fırıldaqlarına görə büdcəyə çatmayan pullar

13 Mart 2014 16:57 (UTC+04:00)

Nərmin İbrahimova: "Nəzarət mexanizmləri gücləndirməli və qanun pozuntusu aşkar olunduğu halda cərimələr tətbiq edilməlidir"


Mənzil bazarında yaşanan problemlərdən biri də icarə müqavilələri ilə əlaqədar yaşanan qanun pozuntularıdır. Belə ki, bəzi hallarda rəsmiləşdirilmiş icarə müqavilələrində göstərilən məbləğ əslində icarədardan tələb olunan məbləğdən aşağı həddə göstərilir. Halbuki, reallıqda vətəndaş göstərilən qiymətdən xeyli yüksək miqdarda icarə pulu verir. Bu halların yaşanması ekspertlər tərəfindən icarədarların vergidən yayınma istəyi ilə əlaqələndirilir. 

 "Əmlak Bazarı İştirakçıları İctimai Birliyi"nin icraçı direktoru Ramil Osmanlı Movqe.az-a açıqlamasında deyib: "Bu problemlər ilk növbədə məlumatsızlıqdan meydana çıxır. Həm də bu,  gəlir vergisinin məbləğinin çox olması ilə əlaqədardır. Gəlir vergisi 14%-dir ki, bu da icarə müqavilələrində məbləğin artımına gətirib çıxarır. Ölkədəki təcrübə bundan ibarətdir ki, icarədarlar gəlir vergisini bir qayda olaraq icarəyə götürənin üzərinə yükləyirlər. Belə olan təqdirdə isə icarəyə götürən müqavilə dəyərini aşağı salır, vergidən yayınır və s.

Bunun qarşısının alınması yalnız inzibati resurslar hesabına mümkündür. Bu isə böyük bir prosedur tələb edir".

İqtisadçı-ekspert Natiq Cəfərli problemin həlli üçün dövlət tərəfindən stimullaşdırıcı addımların atılmasını, verginin azaldılmasını  təklif edir: "Belə halların baş verməsinin ilkin səbəbi vergidən yayınmadır. Bizdə qanunvericilik elə tənzimlənib ki, icarə müqavilələrində göstərilən məbləğdən ayrıca vergi tutulur. Tutulan vergi təqribən 14% civarındadır. İcarəyə verənlə icarəyə götürən arasında bağlanmış müqaviləyə əsasən, iki tərəfdən biri bu vergini ödəməli olur. Və çox vaxt da hər ikisinin də maraqlarına uyğun gəlir ki, müqavilədə rəsmi qiymətləri daha aşağı göstərməklə vergidən yayınma hallarına yol açsınlar. Əsas səbəb budur.

 Düşünürəm ki, problemin aradan qaldırılması üçün təkcə nəzarətin gücləndirilməsi deyil, eyni zamanda stimullaşdırma olmalıdır. Həm vergidən yayınmanın qarşısını almaq üçün, həm də icarəyə verənlər və ya götürənlər üçün müəyyən stimullar yaradılmalıdır ki, onların da vergidən yayınma hallarından uzaqlaşsınlar. Bu zaman ilk ağıla gələn alınan məbləğin gəlir vergisindən çıxarılmasıdır. Bu, həm icarədarlarda, həm də biznes sferasında bir stimul yaradar ki, alınan məbləğin vergidən gizlədilməməsi, müqavilələrin normal bağlanması üçün uyğun addımlar atsınlar. Bu baş verməyincə, təəssüf ki, yalnızca nəzarətin gücləndirilməsi ilə mövcud problemlemin həlli mümkün olmayacaq". 

İcarə haqlarının müqavilələrdə real qiymətlərdən daha aşağı göstərilməsi hallarının hal-hazırda bazarda mövcud olan problemlərdən biri olduğunu deyən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nərmin İbrahimova isə problemin həlli üçün bazara  nəzarət mexanizminin gücləndirilməli olduğunu bildirdi: "Bunun isə əsas səbəbi vergidən yayınmadır. Qanunvericiliyə əsasən, sahibkar icarə haqlarından əldə edilən gəlirin 14%-ni gəlir vergisi şəklində dövlət büdcəsinə ödəməlidir.  İcarə müqavilələrinin məbləğinin aşağı göstərilməsində isə sahibkar birbaşa maraqlıdır. Çünki bu zaman ödəniləcək gəlir vergisinin məbləği aşağı olacaq. Digər tərəfdən, bəzi hallarda sahibkarlar icarə müqavilələri əsasında ödəniləcək gəlir vergisinin də elə kirayəşinin ödəməsini tələb edirlər. Həmçinin sahibkar gəlir vergisini ödədiyi zaman kirayə qiymətlərinə təsir edir. Və sahibkar icarə əsasında nəzərdə tutduğu məbləği əldə edə bilmək üçün icarə qiymətlərinin artmasına təsir edə bilər. Bu isə kirayənişinin maraqlarına ziddir. Yəni hər iki tərəf icarə müqaviləsinin bağlanmamasında maraqlıdır. Bu cür halların baş verməməsi üçün bu sahəyə olan nəzarət mexanizmləri gücləndirməli və qanun pozuntusu aşkar olunduğu halda cərimələr tətbiq edilməlidir".