Günəş partlayışları qüsurlu heyvanların sayını artırır

13 Mart 2014 17:05 (UTC+04:00)

Son illərdə müəyyən qüsurlarla doğulan heyvanların sayında cüzi də olsa artım qeydə alınır. Vaxtaşırı ikibaşlı, 3 ayaqlı, təkgözlü və s. anormal şəkildə doğulan heyvanlar haqda məlumatlar oxuyuruq. Bu şəkildə doğulan heyvanlar uzun yaşaya bilməyərək tezliklə məhv olurlar. Bu kimi anormal halların baş verməsi bir çoxları tərəfindən ekoloji çirklənmə ilə əlaqələndirilir. 

 Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə belə düşünmür. Ekspertə görə anomal doğumlar tarix boyu hər zaman olub: "Belə halları son zamanlar bir qayda olaraq ya ekologiya ilə, ya da ki genetik modifikasiya olunmuş bitkilərlə əlaqələndirirlər. Amma mənim fikrimcə, bunların heç biri ilə əlaqəsi yoxdur. Əvvəllər də belə anormal hallar baş verirdi. Belə anormal doğuşlar insanlar arasında da baş verir. Və bütün tarix boyu da müşahidə olunub. Əvvəllər də heyvanlar arasında bu cür doğuşların  olması haqda məlumatlar var. Sadəcə olaraq, son zamanlar daha çox nəzərə çarpır. Bu çoxalma onunla əlaqədardır ki, əvvəllər dünyada bu qədər canlı yox idi. Həm insanlar, həm də heyvanlar sayca çoxaldıqca onların arasında xəstə doğulanların sayının da artması normaldır. Əslində, dediyim kimi, həmişə belə hallar baş verib. Əlbəttə ki, çalışmaq lazımdır ki, ekologiya korlanmasın, hava, su, torpaq, meşə və s. ətraf mühit təmiz olsun və canlılar üçün təhlükə yaratmasın. Amma düşünürəm ki, heyvanların arasında anormal doğuşların artmasının heç də ətraf mühitin çirklənməsi ilə və ya genetik motidikasiya ilə əlaqəsi yoxdur".   

 Dövlət Baytarlıq Xidmətinin xüsusi təhlükəli xəstəliklər üzrə nəzarət sektorunun müdiri Kliment Əsədovun sözlərinə görə isə, son vaxtlar Günəşdə güclü partlayışlar baş verir: "Bu partlayışlar zamanı yerə çoxlu sayda elektromaqnit dalğaları gəlir. Yerə gələn elektromaqnit dalğalarının  heyvanların mayalanması dövründə onlara təsiri anormal doğuşlara səbəb ola bilir. 

Bundan başqa anormal doğuşlar müəyyən xəstəliklərin səbəbindən də baş verə bilir. Bu xəstəliklər müayinədən sonra müəyyən edilə bilər. Onu da qeyd etmək lazımdır ki,  bağlanana qədər Qəbələ RLS-dəki şüalanma da anormal doğuşların baş verməsi üçün zəmin yaratmışdı. Belə ki, kimyəvi təsir nəticəsində zərər görən ətraf mühitdə xəstə heyvanların doğulması gözləniləndir".