Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

13 Mart 2014 19:11 (UTC+04:00)

2014-cü il mart ayının 13-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilmişdir.İclas zamanı MHŞT üzrə fəaliyyət hesabatının layihə mətni (2013-cü il üzrə), hasilat sənayesi üzrə kontekstual məlumatların toplanması, QHT Koalisiyasının hesabat formalarına dair təklifləri və Yeni Memorandumun yekun layihəsi ətrafında müzakirələr aparılmışdır. İclas iştirakçıları, həmçinin MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən Şərtlər Toplusunun MHŞT Standartına uyğunlaşdırılması ilə bağlı da müzakirələr aparmışlar.MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.