Milli komandamız FİFA reytinqində 91-ci sıraya yüksəldi

13 Mart 2014 19:25 (UTC+04:00)

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Movqe.az saytı xəbər verir ki, ali futbol qurumunun saytında yerləşdirilən məlumata əsasən, futbol üzrə Azərbaycan millisi iki pillə irəliləyib. Millimizin beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Fillipinə 1:0 hesabı ilə qalib gəlməsi yığmamızın reytinqinə də təsirsiz ötüşməyib. Berti Foqtsun komandası 369 xalla 91-ci pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici İtaliya millisinə məxsusdur. Appenin təmsilçisinin mövqeyində dəyişiklik baş verməyib. Çezare Prandellinin komandası 8-ci pillədəki mövqeyini qoruyub. Digər rəqiblərimizdən Xorvatiya (0) 16-cı, Norveç (3) 57-ci, Bolqarıstan (3) 67-ci və Malta isə (-3) 134-cü pillədə qərarlaşıb. Ümumilikdə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1510 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya (1336) ikinci, Argentina (1234) isə üçüncü olub.