"Əkrəm Əylisli başa düşür ki, yazdığı cızmaqara «Nobel»lik deyil" (MÜSAHİBƏ)
13 Mart 2014 22:22 (UTC+04:00)
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini,
Milli Məclisin deputatı Mübariz Qurbanlı partiyanın saytına
müsahibə verib. ANS PRESS həmin müsahibəni təqdim
edir.
- Mubariz müəllim, Qara dəniz regionunda, xüsusilə
Krımda baş verən hadisələr dünyanın diqqət mərkəzindədir. Bəzi
"analitiklər" bu tipli hadisələrin Azərbaycanda da baş vermə
ehtimalını iddia edirlər. Bu iddialara münasibətiniz
necədir?
- Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin
milli maraqlarının təmin edilməsi üçün həm daxili, həm də xarici
siyasətində praqmatik kurs həyata keçirməkdədir. Hər hansı bir
ölkədə baş verən hadisə bütövlükdə həmin ölkənin özünə aiddir. Bu
və ya digər ölkələrdə baş verən hadisələrin digər ölkədə
təkrarlanacağını düşünmək politoloji baxımdan da doğru deyil.
Azərbaycanın müstəqilliyinin ideya prinsipləri, dövlətçilik
prinsipləri Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Bu
gün həmin siyasət Prezidentimiz cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu baxımdan, ölkəmizdə hansısa bir
qarşıdurma, o cümlədən xaotik vəziyyətin yaradılması ehtimalı
sıfıra bərabərdir. Ona görə də, müxalifətin radikal qanadında olan
dairələrin Ukrayna hadisələrinin Azərbaycanda təkrarlanacağı
fikirləri başdan ayağa fantaziyadır, cəfəngiyatdır. Ukrayna
hadisələri artıq öz müstəvisindən çıxaraq beynəlxalq bir qarşıdurma
səviyyəsinə çatıb. Nəticə etibarı ilə bu hadisələr Ukraynanın ərazi
bütövlüyünü təhlükə altına alıb. Ölkənin daxilində gedən proses elə
daxildə də həll edilməlidir. Daxildən çıxaraq kənardan dəstək
axtarmaq ölkə üçün, eyni zamanda siyasi dairələr üçün ağır fəsadlar
törədir. Bu gün Ukraynada siyasi hakimiyyəti ələ alan dairələr
əslində xarici amillə bağlı olduqlarından, o cümlədən, bu ölkə
geopolitik çərçivədə maraqların toqquşduğu məkana çevrildiyindən,
Ukraynada baş verən hadisələr istər hakimiyyəti tərk edən
Yanukoviç, istərsə də hakimiyyəti ələ almış dairələr üçün ümummilli
baxımdan ağır nəticəyə gətirib çıxarıb. Digər tərəfdən, siyasi
hakmiyyəti ələ almış dairələr hadisələrin gedişini
proqnozlaşdırmadan Ukraynanı iki böyük güc arasında döyüş meydanına
çevirdilər. Bu da həmin ölkə üçün, həmin xalq üçün böyük fəlakət
deməkdir.
Hazırda orada gedən prosesi tam proqnozlaşdırmaq
mümkün deyil. Fikrimcə, yeganə çıxış yolu tərəflərin, qlobal
toqquşma meydanında olan oyunçuların danışıqlar masası arxasında
məsələni həll etməsidir. Ümid edirəm ki, Ukrayna məsələsi sülh yolu
ilə həll olunacaq. Hər bir ölkə rəhbəri dövlətin milli maraqlarını
qorumağa qadir olmalı, ölkəsini çarpışma meydanına deyil, barış
meydanına çevirməlidir. Barış meydanına çevrilməsən, təcrübə
meydanına çevriləcəksən. Azərbaycanın müstəqilliyinin ilk illərinə
nəzər salsaq görərik ki, Ulu öndər Heydər Əliyevin siyasi
hakmiyyətə gəlməsinədək ölkəmiz az qala böyük dövlətlərin çarpışma
meydanına çevrilirdi. Onun ağır nəticələri Dağlıq Qarabağ
problemində bizim ziyanımıza olan proseslə müşahidə olunmaqda idi.
Ancaq Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından
sonra ölkədə sabitlik təmin olundu, Azərbaycan çarpışma meydanından
barış meydanına çevrildi. Bu gün də bu siyasət davamlı olaraq ölkə
başçısı İlham Əliyev tərəfindən düşünülmüş, balanslı şəkildə həyata
keçirilir.
Yəni dövlətimiz bütün məsələlərdə öz marağından
çıxış edərək hərəkət edir. Ölkəmizin daxilində olan bəzi dairələr
bütün bunlardan bir nəticə çıxarmalıdırlar. Demokratiya, insan
haqları adı altında bu və ya digər ölkələrdə qarışıqlıq yaratmaq
istəyən qrupların alətinə çevrilməməlidirlər.
- Ukrayna problemi ilə bağlı dünya birliyi,
xüsusilə ABŞ və Avropa dövlətləri bu ölkənin ərazi bütövlüyünün
dəstəkləndiyini bəyan edir və burada beynəlxalq hüquqa istinad
edirlər. Ancaq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycan ərazisinin
20 faizini işğal etsə də, bu dövlətlər analoji bəyanaları
səsləndirmir, işğalçı dövlətə qarşı hər hansı addımlar atmırlar.
Sizcə, bu, baş verən proseslərə ikili yanaşmanın təzahürü
deyilmi?
- Azərbaycan tərəfi dəfələrlə dünya birliyinin
ikili standartdan çıxış etdiyini qeyd edib. Ölkə başçısı, o
cümlədən Azərbaycanın digər rəsmi nümayəndələri BMT-nin Baş
Məclisində çıxışlarında münaqişələrin mövcud olmasının və onun
beynəlxalq hüquqa uyğun şəkildə həll edilməməsinin beynəlxalq
münasibətlər sisteminə ağır zərbə vurduğunu qeyd ediblər. BMT-nin
Təhlükəsizlik Şurası adlı qurum mövcuddur ki, onun tərkibində də 15
ölkə təmsil olunur. Onlardan 10-u iki il müddətində qeyri-daimi üzv
kimi fəaliyyət göstərir, 5-i isə (ABŞ, Böyük Britaniya, Çin,
Fransa, Rusiya) qurumun daimi üzvüdür. Dünyada yeganə qurum BMT
Təhlükəsizlik Şurasıdır ki, onun çıxardığı qərarları BMT-nin üzvü
olub-olmamasından asılı olmayaraq bütün ölkələr yerinə
yetirməlidir. Çünki dünyada sülhün, təhlükəsizliyin qorunması bu
qurumun çiyinləri üzərində dayanır. Ermənistanın Azərbaycana
təcavüzü, torpaqlarımızın işğalı məsələsində BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələr indiyədək yerinə
yetirilmədiyi üçün Azərbaycan tərəfi dəfələrlə BMT, ATƏT, Avropa
Şurası tribunasından bəyan edib ki, bu cür yanaşma beynəlxalq
münasibətlər sistemində acınacaqlı nəticələrə gətirib çıxara bilər.
Zamanında Azərbaycan torpaqları işğal edildikdə işğalçını barmaqla
göstərməyənlər bu gün bumeranqı üzərlərində hiss etməkdədirlər. Ona
görə də, beynəlxalq hüquq normalarını pozanlar vaxtında cəzasını
almalı idilər. Bu edilmədiyi üçün ikili yanaşma bumeranq rolunu
oynamaqdadır. Beynəlxalq hüququn norma və prinsiplərinə bütün
ölkələr əməl etməlidir. Əks halda, bu cür fəsadlarla ölkələr üz-üzə
qalır. Ümüd edirəm ki, dünya birliyi bütün məsələlərə kompleks
yanaşacaq, o cümlədən də, işğal edilmiş Azərbaycan torpaqları
məsələsi də öz həllini tapacaq.
- Krım məsələsinin gərginləşməsi fonunda Dağlıq
Qarabağ probleminin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun
həmsədrləri fəallıq nümayiş etdirirlər. Həmsədrlərin bugünlərdə
Parisdə Azərbaycanın, Moskvada isə Ermənistanın xarici işlər
nazirləri ilə görüşməsi və müzakirələr aparmaları bunu deməyə əsas
verir. Bütün bunlar münaqişənin həlli prosesinin irəliyə getməsi
üçün əsas yarada bilərmi?
- Qlobal miqyasda gedən indiki proses fonunda
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəallaşmanı normal
hesab edirəm. Çünki hazırkı şəraitdə başqa bir yerdə yanan ocağın
müqabilində başqa bir ocağı söndürmək ehtimalı gözləniləndir. Ola
bilsin ki, bu fəallaşmada müsbət nəticə əldə
olunsun.
Azərbaycan bu münaqişənin həlli ilə bağlı mövqeyi
tam açıq olan ölkədir. Ərazi bütövlüyümüzün bərpası bizim əsas
məqsədimizdir. Bu çərçivədə də danışıqlar aparılır. Hesab edirəm
ki, həm Prezidentimizin, həm də xarici işlər nazirinin apardıqları
danışıqlar müsbətə doğru gedən prosesə təkan verə bilər. Buna görə
də, danışıqların davam etdirilməsi daha məqbuldur.
- Yeri gəlmişkən, ölkəmizdə bir müxalifət
partiyasının təmsilçilərinin Krıma səfər etmək cəhdinə
münasibətiniz necədir? Öz ölkəsində bir işə yaramayanların, başqa
yerlərdə proseslərə müdaxilə etmək cəhdləri nə dərəcədə
məntiqlidir?
- Hesab edirəm ki, hansısa partiya
nümayəndələrinin Krıma getmək cəhdi sadəcə, piar kampaniyasından
başqa bir şey deyil. Biz həmin bölgədə vəziyyəti gözəl bilirik.
Əgər Krıma ATƏT-in nümayəndələri buraxılmırsa, gediş-gəliş tam
nəzarətə götürülübsə və bunu bilə-bilə kimlərsə Krıma getməyə cəhd
göstərirlərsə, təbii ki, burada piar kampaniyasının elementləri
görünməkdədir. Yəqin ki, Müsavat Partiyasından olan həmin adamlar
yola çıxanda onların həmin əraziyə buraxılmayacağını dəqiq
bilirdilər. Çünki qeyd etdiyim kimi Krıma hətta Qərbi Ukraynadan
gələn adamları buraxmırlar. Krım əslində bu gün elə məkana çevrilib
ki, bu məkan beynəlxalq münasibətlərdə nifaq zonası təsəvvürü
yaradır. Belə bir şəraitdə həmin əraziyə getməyə cəhd etmək yalnız
və yalnız özünü reklam addımı ola bilər. Sonra da gəlib mətbuatda
bu cür açıqlamalar vermək də gündəmdə qalmaq istəyinin
təzahürüdür.
Məlumdur ki, Krımda tatarlar əhalinin 12-15
faizini təşkil edir. Bu gün Krım tatarlarının rəhbərliyi Rusiya
rəhbərliyi tərəfindən dəvət alır, danışıqlar aparırlar. Krım
tatarlarının maraqlarına gəldikdə isə əvvəla, tatarlar öz
maraqlarını qorumaq üçün müəyyən dərəcədə təşkilatlanmış bir
toplumdur. Digər tərəfdən, NATO-nun üzvü və Rusiya ilə yaxşı
münasibətləri olan Türkiyənin bu məsələdə mövqeyi də aydındır. Belə
olan şəraitdə, Azərbaycanın özünün ərazi bütövlüyü ilə bağlı
problemi olduğu bir vaxtda, həmçinin, ermənilərin bizim Rusiya ilə
münasibətlərimizi pozmağa çalışdığı bir şəraitdə, bu cür addımların
atılması qarşı tərəfə təbliğat üçün dəstəvuz vermiş olar. Müxalifət
nümayəndələrinin Krıma səfər etmək cəhdləri ilə bağlı Rusiya
saytlarında da məlumatlar verilib. Həmin məlumatlara verilən
şərhlərdə Azərbaycanda bəzi qüvvələrin Krım tatarlarını qızışdırmaq
üçün fəaliyyətə keçdiyi haqqında yanlış fikirlər yayılır. Bu
fikirlərin yayılmasında erməni izi var və onlar Rusiyada anti-türk,
anti-Azərbaycan təbliğat maşınını işə salmaq istəyirlər. Onlar
hətta Türkiyənin Krım tatarları ilə bağlı yeritdiyi siyasət haqda
şişirdilmiş, yalan məlumatlar yayırlar. Təbii ki, bu prosesdən
sui-istifadə edərək bizim ölkəmizin də adının bu məsələlərdə
hallanmasına cəhd göstərirlər.
Hesab edirəm ki, belə bir şəraitdə bu cür
addımların atılması milli maraqlarımız baxımından xeyir verən
məsələ deyil. Nəhəng güclərin toqquşduğu bir məkanda və məqamda
özünü qoruma instinkdi yüksək olmalıdır. Milli maraqlardan çıxış
edərək bizim bu məsələlərə müdaxilə etməyimizə ehtiyac yoxdur.
Dövlətimizin Ukraynada baş verən hadisələrlə əlaqədar mövqeyini
Xarici İşlər Nazirliyi ifadə edib. Ona görə də, bu məsələlərdə hər
kəs həssas, diqqətli olmalı və milli maraqlarımıza ziyan vuracaq
addımlar atmamalıdır.
- Mübariz müəllim, başqa bir məsələyə də
münasibətinizi bilmək istərdik. Bəzi dini təriqətlərin
fəaliyyətinin Azərbaycandakı mövcud sabit ictimai-siyasi mühitə
təsir imkanları ola bilərmi?
- Ümumiyyətlə, dünya ölkələrində dindən siyasi
məqsədlər üçün istifadə cəhdi yeni deyil. Müxtəlif zamanlarda
dindən siyasi məqsədlər üçün istifadə cəhdləri olub. Yəni bütün
dövrlərdə dinlərdən istifadə edərək siyasi prosesə təsir göstərmək
istəyən dairələr olub və hazırda da var. İslam dini formalaşdıqdan,
eyni zamanda xristianlıq yaranandan sonra da bu hallar olub.
Tarixin müəyyən dövründə xristian dini dövlət idarəçiliyində
hegemon rol oynamaqla, hətta, bu hegemonluq kralların öz
hakimiyyətlərinin təsdiqi üçün Roma Papasından xeyir-dua almaq
həddinə belə gəlib çatmışdı. Bütövlküdə isə, bütün ölkələrin
hamısında dinin dövlət idarəçiliyində iştirakının azaldılmasına
çalışılıb. Amma bu gün hələ də tam dini idarəçiliyin olduğu
ölkələrə rast gəlinir. Demokratik ölkələrdə din dövlətdən ayrılaraq
din-dövlət münasibətləri qanunla tənzimlənir. Azərbaycan da
demokratik dövlətdir və Konstitusiyaya əsasən din dövlətdən
ayrıdır. Konstitusiyada dövlətimizin əsasları müəyyənləşdirilib:
Azərbaycan demokratik, hüquqi, dünyəvi və unitar dövlətdir. Bu
prinsipdən biri Azərbaycanın dünyəvi olmasını təsbit edir.
Dövlətimizin dünyəviliyi ondan ibarətdir ki, qanunla insanların
dini azadlığı və vicdan azadlığı təmin edilir. İnsanların öz dini
ayinlərini sərbəst şəkildə ifadə etmələri üçün hər cür şərait
yaradılıb. Müstəqil dövlətimizin quruculuğunda dinin cəmiyyətdə
yeri və rolu tam şəkildə konstision yolla təminat altına
alınıb.
Təəssüf ki, bəzi xarici və daxili dairələr dini
amildən istifadə edərək digər ölkələrdə olduğu kimi Azərbaycanda da
müəyyən qarşıdurmalar yaratmağa cəhd edirlər. Amma bu heç bir
nəticə verməyib, verə də bilməz. Çünki dövlətimiz güclüdür,
cəmiyyətimiz sağlam prinsiplərə söykənən cəmiyyətdir, əhalimizin
dünyagörüşü, intellekti, mədəniyyəti, mentalı hər hansı bir formada
dini amildən sui-istifadəyə şərait üçün zəmin yaratmır. Ulu öndər
Heydər Əliyevin dini məsələlərlə bağlı müəyyən etdiyi siyasət
uğurla davam edir. Azərbaycanda dini tolerantlığın təminatında və
dini adət-ənənələrimizin təbliğində Heydər Əliyev Fondu xüsusi rol
oynamaqdadır. Qeyd etmək istərdim ki, ölkəmizdə bəzi qrupların
müxtəlif adlar, müxtəlif dini cərəyanlar adı altında fəaliyyəti
cəmiyyət tərəfindən inkar edilərək, heç bir dəstək almır. Ona görə
də, Azərbaycanda bu yöndə hansısa ciddi problemin olması gözlənilən
deyil.
- Bugünlərdə Əkrəm Əylislinin "Daş yuxular"
romanının Nobel mükafatına namizəd göstərilməsi üçün müraciət
olunub. Sizcə, bu hansı məqsədlərdən irəli gəlir?
- Əslində, adını çəkdiyiniz yazıya əsər deməyə
adamın dili gəlmir. Fikrimcə, Ə.Əylisli həmin cızmaqaraya görə heç
vaxt bu mükafatı ala bilməz. Çünki Nobel mükafatını verənlər belə
cızmaqaralara heç vaxt imza atmayıblar və atmazlar da. Ədəbiyyat
üzrə namizədlərin siyahısına baxsanız, Ə.Əylislinin adının
hallanması sadəcə, hansısa qrupların piar kampaniyasının olduğunu
açıq-aydın görmək mümkündür. Bütün bunlar müəyyən qrupların
Ə.Əylisliyə və onun anti-Azərbaycan xarakterli yazdığı yazısına
olan "xidmətdir". Əslində, Ə.Əylislinin özü də başa düşür ki,
yazdığı cızmaqara "Nobel"lik deyil. Biz hələ əvvəlcədən də demişdik
ki, Ə.Əylisli bu cızmaqaranı yazmaqla hansısa mükafat almaq
iddiasındadır. Şöhrətpərəst adamlar bu xəstəlikdən uzaqlaşa bilmir.
O da bu tip insan olduğundan belə yazı yazıb. Ə. Əylisini yaxşı
tanıyanlar onun bu xasiyyətinə bələddir.
Ümumiyyətlə, hesb edirəm ki, bu məsələyə ciddi
yanaşmaq lazım deyil. Çünki, bir neçə nəfər sadəcə, Ə.Əylislinin
namizədliyi üçün müraciət edib. İndi də bundan istifadə edib
kimlərsə, hansısa kampaniya aparırsa, bunun heç bir mənası və
əhəmiyyəti yoxdur.