Azərbaycandan Rusiyaya dollar axını başlana bilər

14 Mart 2014 07:56 (UTC+04:00)

Ukraynada baş verən son proseslər fonunda diqqət çəkən məqamlardan biri də Rusiya rublunun sürətlə ucuzlaşmasıdır. Proseslər rublun bundan sonra da ucuzlaşmaqda davam edəcəyini göstərir. Valyuta bazarında sabitlik yaratmaq üçün Rusiya Federasiyası Mərkəzi Bankı xarici valyutaya olan tələbatı azaltmaq məqsədilə bazara külli miqdarda valyuta çıxarsa da vəziyyət dəyişmir.

Rusiya fond birjasında MMVB indeksi, RTS indeksi də aşağı düşməkdə davam edir. İqtisadçı Sergey Aleksaşenko deyib ki, müharibə təhlükəsinin qısamüddətli effekti valyuta bazarında rublun çöküşü, MMVB və RTC indekslərinin aşağı düşməsi olacaq. Uzunmüddətli perspektivdə isə Rusiya ilə əlaqəli siyasi risklər kəskin şəkildə artacaq və ölkənin xarici sərmayəçilər üçün cəlbediciliyi ciddi şəkildə azalacaq: "Aydındır ki, Rusiya kapitalı ölkədən qaçmağa, Rusiyadakı xarici kapital isə böyük həcmdə geri dönməyə başlayacaq, rubl yaxın aylarda kifayət qədər sürətlə ucuzlaşmağa davam edəcək".

Son məlumata əsasən, dolların kursu 37 rubla çatıb. İlin əvvəlində bu göstərici 32,8 idi. Avro isə 51 ubla qədər yüksəlib.

Ekspertlər hesab edir ki, Ukraynada vəziyyətin daha da gərginləşməsi xarici investorların Rusiyanı tərk etməsinə səbəb olub ki, bu da ciddi kapital itkisi ilə nəticələnə bilər. Çünki onsuz da ABŞ-ın Federal Ehtiyatlar Sistemi ilə bağlı yeni siyasəti faiz dərəcələrinin artımına gətirib, nəticədə Rusiyadakı xarici investorlar əllərində olan vəsaiti dollara dəyişərək ölkəni tərk edirlər. Rusiyada dolların azalmasını bu da sürətləndirir. "The New York Times" qəzeti adının çəkilməsini istəməyən mənbəyə istinadən yazıb ki, ABŞ administrasiyası sanksiyalar vasitəsilə Rusiya iqtisadiyyatına ciddi zərbə vura biləcəyi qənaətinə gəlib. Rusiyadakı ayrı-ayrı şəxslərin bank aktivlərinin dondurulması ilə yanaşı, Vaşinqton Rusiya banklarına qarşı da sanksiyalar tətbiq edə və bu ölkəni dollar sistemindən təcrid edə bilər.    Bu isə rusiyada dolları daha da bahalaşdıra bilər.

Rusiya maliyyə qurumları ilin sonunadək 1 dolların 30 rubla enəcəyini bildirirdisə, qeydə alınan göstəricilər tamam fərqli mənzərədən xəbər verir. 2014-cü ilin başlanğıcında rubl həm dollar, həm də avro qarşısında sürətlə dəyər itirir. Bu ucuzlaşmanın MDB ölkələrinə də təsirsiz ötüşməyəcəyi məlum məsələdir. Lakin ən mühüm təsirlərdən biri MDB ölkələrindən Rusiyaya dollar axınının başlana biləcəyi ilə bağlıdır. Çünki Rusiyada dollara tələb yarandıqca MDB-dən də buraya ABŞ dollarını axının baş verməsi qaçılmaz olacaq. Bu sıraya Azərbaycanın da aid olması istisna deyil. Gözlənir ki, Rusiyada dollara tələb çox artarsa, onda Azərbaycanda da bu bölgəyə satış məqsədilə daha çox dollar aparılmasına cəhdlər olunacaq. Xatırladaq ki, Mərkəzi Bank dolların həddən artıq ucuzlaşmasının qarşısını almaq üçün hər il bazarlardan 100 milyonlarla həcmdə dollar alır. Yəni, ölkə bazarında dollar kütləsinin artıqlığı var. Lakin Rusiyaya istənilən həcmdə dollar daşınması da asan məsələ deyil. Çünki fiziki şəxslərin istənilən həcmdə dollar çıxarması üçün müəyyən prosedurlar və vergi dərəcələri var. Hər halda hadisələrin gedişi Rusiyada dollara nə qədər ehtiyac olacağından xeyli dərəcədə asılı olacaq.