Məktəbliləri "İçərişəhər"ə aparırlar

14 Mart 2014 11:20 (UTC+04:00)

Təhsil Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakı şəhərindəki ümumtəhsil, ilk peşə-ixtisas və internat məktəbləri şagirdlərinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur. Movqe.az nazirliyin saytına istinadən xəbər verir ki, davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir. Hər gün təşkil edilən ekskursiyalarda şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilir və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olurlar. Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, habelə Qoşa Qala Qapıları və qala divarları ilə tanış olan şagirdlərə bu abilədərin ilkin təyinatı, memarlıq üslubu izah olunur. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də məktəblilərin xüsusi marağına səbəb olur. Uğurla davam edən ekskursiyalarda ümumtəhsil məktəblərində tədris olunan fənlərin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət yetirilir. Məktəblilər tərəfindən böyük maraqla qarşılanan ekskursiyalar zamanı şagirdlər xüsusi fəallıq göstərir, daha çevik və yaradıcı təfəkkür nümayiş etdirirlər. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması, məktəblilərin milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ekskursiyalarda, həmçinin maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılır.