Nuşirəvan Məhərrəmli: “İctimaiyyətin narahatlığına səbəb olan verilişin bağlanması doğru verilmiş qərardır”

14 Mart 2014 11:55 (UTC+04:00)

"Biz ATV-nin Bədi Şurasının "Ümid var" verilişinin bağlanması ilə bağlı qərarını müsbət qarşılayırıq. Hesab edirik ki, ictimaiyyətin narahatçılığına səbəb olan verilişin bağlanması doğru verilmiş bir qərardır".

 

Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bildirib ki, sədri olduğu qurum bu tipli verilişlərin Azərbaycan efirinə baş ucalığı gətirdiyi fikrində deyil: "İnsanların, xüsusisən sosial, ailə problemi olan insanların üzərində şou yaratmaq mənəviyyatsızlıqdır. Bu tipli verilişlərin kanal tərəfindən bağlanmasını çox normal qarşılayırıq. Arzu edirik ki, digər televiziya kanalları da bu qərardan ibrət götürsünlər".

 

N. Məhərrəmli qeyd edib ki, efirdə bu tipli verilişlərə yer olmamalıdır: "İnsanları üz-üzə qoyan, bu verilişlər nəticəsində problemlərin həll olunması yox, əksinə onların daha da pis formada davam etməsi baş verir. Lüzumsuz müzakirələr, Azərbaycanın milli-mənəvi dəyərlərinə uyğun olmayan mövzuların həddindən artıq qabardılması, bəzi aparıcıların bundan özləri üçün istifadə etməsi qəbul olunan deyil".