Azərbaycanda 70 min vəhabinin olması xəbərinə rəsmi reaksiya
14 Mart 2014 11:40 (UTC+04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən
Azərbaycanda olan vəhabi təriqətinin nümayəndələrinin sayının
artması ilə bağlı açıqlama verilib. Komitədən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki,
Dövlət Komitəsi radikalizmə qarşı zəruri olan bütün tədbirləri
həyata keçirmək istiqamətində olan fəaliyyətini davam etdirir:
"Aparılan maarifləndirmə və konkret tədbirlər nəticəsində ölkə
ərazisində xüsusi ilə regiollarda radikal cərəyanlara qoşulanların
sayında artım müşahidə olunmayıb".
Komitədən bildiriblər ki, eyni zamanda bu
cərəyanların nümayəndələrinin toplaşdığı məscidlərdən şikayətlər
daxil olub: "Yerli əhalinin istəyi və dəstəyi ilə adı çəkilən
cərəyanların toplaşdığı iki məsciddə icmaların tərkibi
dəyişdirilir".
Qeyd edək, DQİK-nin mətbuat xidmətindən
bildiriblər ki, Komitə Azərbaycanda yayılan vəhabilərin sayının 70
min olması xəbərini təsdiq və inkar etmir. Həmçinin Komitədən
bildiriblər ki, yayılan bu rəqəmlər həddindən artıq
şişirdilib. Xartırladaq ki, bir neçə
gün əvvəl Azərbaycanda "dini durumun təhlili və dünyəvilik
prinsiplərinin qorunması perspektivləri" mövzusunda fəlsəfə elmlər
doktoru, ekspert Aydın Əlizadənin brifinqi keçirilib. Brifinq
zamanı o, bildirib ki, sələfilər cəmiyyətdə çox vaxt "vahhabi" adı
ilə tanınırlar və bu cərəyana məxsus dindarların sayı yalnız son 5
ildə 100% artaraq 70 min nəfərə çatmışdır