Hollandiyadan "quş qripi" təhlükəsi

14 Mart 2014 12:50 (UTC+04:00)

"Hollandiyada quş qripinin aşkarlanması faktı ölkəmiz üçün heç bir təhlükə yaratmır. Çünki bu ölkədən Azərbaycana quş və quş əti məhsulları gətirilmir". Bu sözləri Movqe.az-a açıqlamasında Kənd Təssərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yoçu Xanvəli söyləyib. Y. Xanvəli bildirib ki, Azərbaycanda "quş qripi" ilə bağlı vəziyyət stabildir: "Hələki ölkəmiz üçün belə bir təhlükə yoxdur. Ev və çöl quşları arasında bu təhlükəki virusun daşıyıcıları aşkarlanmayıb. "Quş qripi" ilə bağlı növbəti monitorinq martın 31-də keçiriləcək". 

Qeyd edək ki, "Hollandiyada quş qripi aşkarlanıb.Hollandiyanın Gelderland əyalətindəki bir toyuq fabrikində quş qripi aşkarlandığı bildirilib. Buna səbəbdən də 10 min toyuq tələf ediləcək.  Ölkənin İqtisadiyyat Nazirliyi aşkar edilən quş qripi növünün böyük ehtimalla "h5" olduğunu bəyan edərək, bunun üçün Brünxem şəhərindəki fermanın ətrafında bir sıra tədbirlər həyata keçirildiyini bildirib. Açıqlamada fermada olan 10 min toyuğun tələf ediləcəyi, quş qripi aşkarlanan yerdən 1 kilometrlik məsafədə olan ev heyvanları, yumurta və toyuq kübrəsinin daşınmasına qadağa qoyulacağı deyilir.  Nazirlik həmçinin, sözügedən bölgədə olan 8 fermanın da yoxlanılacağını açıqlayıb. Xatırladaq ki, keçən ay ölkənin Flevolend əyalətindəki bir fermada quş qripi aşkar edilmiş və 40 min toyuq tələf edilmişdi.