Jurnalistlər arasında keçirilən turnirə yeni komandalar qoşuldu

14 Mart 2014 14:15 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C variantı üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən mətbuat orqanları arasında keçirilən "Aktiv ol!" layihəsi davam edir.


AZXEBER.COM-un məlumatına görə, martın 14-dən etibarən turnirin B qrupu üzrə oyunlar keçirilməyə başlayıb.


Qrupun ilk oyunu "Presspost.az" və "Kiv.az" komandaları arasında keçirilib. Oyunda maraqlı və yadda qalan anlar yaşanıb.


Oyun zamanı hər iki komandaya hakimlər tərəfində yeni missiya verilib. Missiyaya görə komandalar zalın ortasında hakimlər tərəfindən gizlədilmiş Azərbaycan bayrağını tapıb öz qərərgahlarına aparmalı olublar.


Oyunun ilk 8 dəqiqəsində üstünlüyü ələ alan "Presspost.az" komandası mübarizəni sona qədər həmin üstünlükdə davam etdirə bilməyib. Belə ki, "Kiv.az" komandasının üzvləri oyunun ikinci hissəsində rəqib komandanın iki üzvünü oyundan kənarlaşdıraraq, zalın ortasında olan çəlləyin içində gizlədilən bayrağı öz qərargahlarına apara biliblər.


Bununla da B qrupunun ilk oyununda "Kiv.az" komandası qalib gələrək yarımfinala vəsiqə qazanıb.