Millət vəkili işləməyən qanundan narazılıq etdi

14 Mart 2014 14:20 (UTC+04:00)

Azərbaycan parlamenti "İcbari tibbi sığorta haqqında" qanun qəbul etsə də, o həyata keçirilmir. Movqe.az xəbər verir ki, bunu Milli Məclisin Sosial-siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı ətrafında aparılan müzakirələr zamanı deyib. H.Rəcəbli bildirib ki, bir neçə il öncə səhiyyəyə büdcədən ayrılan vəsait 2 milyon manat idisə, indi bu rəqəm 669 milyondur: "Hökumətin bu sahədə işi canlanmalıdır. Mən sevinirəm ki, bu sahəyə deputat həmkarımız Əli Əhmədov rəhbərlik edir".
Millət vəkili qeyd edib ki, tibbi sığorta ilə bağlı qanun hələ 1999-cu ildə qəbul olunub: "Amma başıbəlalı qanun hələ də icra olunmur. İcbari tibbi sığorta ilə bağlı xüsusi agentlik yaranmalı idi. Amma hələ də heç bir iş görülməyib. Nə agentlik yaranıb, nə hökumətə əsasnamə verilib. Əgər bu qanun qəbul olunubsa, deməli icra edilməlidir. Uzun illərdir ki, bu qanun qəbul edilib, amma işləmir".
Onun sözlərinə görə, sosial sahədə islahatlar aparmaq digər sahələrə nisbətən daha çətindir. Çünki, bu daha çox insanların həyatına təsir edir. H.Rəcəbli bu baxımdan yeni təyin edilmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun gördüyü işləri təqdir edib: "Mən sevinirəm ki, yeni əmək və əhalinin sosial müdafiə naziri bu sahədə yeni islahatlara başlayıb. Orada olan neqativ halları aradan qaldırır".