Deputatdan xəbərdarlıq: "Xoşun gəlmirsə ondan yaxşısını tik"

14 Mart 2014 14:40 (UTC+04:00)
Ön cəbhədəki zabitlərin maaşı, ezamiyyət xərcləri, uşaqlarının təhsili, xüsusi olaraq diqət mərkəzində olmalıdır. Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov bu gün keçirilən iclasda çıxışı zamanı deyib.
Hərbi hissələrlə bağlı təklif irəli sürən deputat qeyd edib ki, həmin şəxslərin ailələrinin problemləri həll olunmalıdır ki, ön cəbhəyə getməyə can atanların sayı artsın. 

Deputat bəzi dini qurumların tərkibində başqa dövlətə gedib döyüşən vətəndaşlarımızın olduğunu da qeyd edib. "Onlar hansı ağılla gedib döyüşürlər bunu bilmirəm. Amma dövlət bununla bağlı müəyyən işlər görməlidir. Vətəndaşlar arasında maariflənmə işləri aparılamlıdır. Həmin şəxslərin digər ölkələrə necə keçməsi araşdırılmalıdır". 

Regionlarda və rayonlarda görülən işlərdən danışan millət vəkili bildirib ki, bir icra başçısı digərini əvəz edəndə köhnə icra başçısının tikdiyi parkı sökür. "Əgər xoşun gəlmirsə sən ondan da yaxşısını tik. Daha niyə sökürsən? Hökumət bu halları da araşdırmalıdır".

S.Novruzov sığorta məsələsinə də toxunub. O, qeyd edib ki, Sahil metrostansiyasının üstündəki böyük ticarət mərkəzi yananda bəlli olub ki, oradakı mağazaların heç biri sığortalanmayıb. "Xarici ölkələrdə baş verən hətta təbii fəlakətlər zamanı sığortalanmamış evlərə, mağazalara pul verilmir. Bizdə isə istər Zaqatalada baş verən zəlzələdə, istərsə də Kür kənarında seldən zərər çəkən insanlar yeni evlərlə təmin olunublar. Amma dünyanın heç bir yerində hökumət vətəndaşa ev tikib vermir. İnsanlara başa salmaq lazımdır ki, evini, mağazasını, və digər obyektlərini sığorta etdirsin". 

Deputat ev adı ilə əhalini aldadanlar haqqında da ölüç götürülməli olduğunu qeyd edib. Onun sözlərinə görə, kimsə bina tikir, camaatdan pul yığıb qaçır və nəticədə insanlar havada qalırlar. "Ümumiyyətlə bu cür halların qarşısını alması üçün hökumət öz səyini göstərməlidir".