Rusiyadan Azərbaycaan pul köçürmələri azalacaq

14 Mart 2014 15:32 (UTC+04:00)

Məhəmməd Talıblı: "Bank köçürmələrinin azalması bank insitutlarının gəlirlərinə az da olsa təsir edəcək"


Rusiyada bəzi  ödəniş sistemlərində yaranan problemlərlə əlaqədar artıq bir sıra Azərbaycan bankları Rusiyadan pul köçürmələrinə ehtiyatla yanaşır, köçürmələrə əlavə etibarlı təminat istəiyrlər. Bunu Rusiya maliyyə sisteminin təmsilçiləri də təsdiq edir və belə təminatın Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan tərəfindən tələb olunduğunu da vurğulayırlar. 

Lakin  hələ ki, Rusiya tərəfindən olan partnyorlar Azərbaycan banklarına belə təminat verməyib. Bu fonda isə Rusiyadan Azərbaycana bank yolu ilə pul köçürmələrinin azalacağı düşünülür. İqtisadçı ekspertlər mövcud vəziyyəti Movqe.az-a şərh ediblər. 

Belə ki, iqtisadçı-ekspert Vüqar  Bayramovun sözlərinə görə, Rusiyada mövcud böhran şəraiti insanları, eləcə də burada çalışan soydaşlarımızı  təşvişə salıb. Bu səbəbdən onlar çalışacaqlar ki, Rusiya banklarındakı vəsaitlərini Azərbaycana yönəltsinlər: "Bu gün Rusiyada baş verən böhran oradakı azərbaycanlılar arasında vəsaitlərinin qorunması ilə bağlı bir narahatlıq yaradır. Bu səbəbdən onlar artıq bank hesablarındakı pulları tezliklə Rusiyadan çıxarmağa meyil edəcəklər. Çalışacaqlar ki, tez bir zamanda həmin vəsaitləri Azərbaycana yönləndirsinlər. Bu baxımdan Rusiyadan pul köçürmələrinə tələbat artacaq.  Belə bir vaxtda təminat məsələsinin gündəmə gəlməsi  köçürmələrdə müəyyən problemlər yarada bilər. Ümumiyyətlə, Rusiya ilə Ukrayna arasındakı konflikt gərginləşərsə, Rusiya bankları vasitəsilə pul köçürmələrdə ciddi problemlərin yaşanacağı gözlənilir. Hətta Azərbaycanla Rusiya arasında pul köçürmələrinin müəyyən müddət dayanması da mümkündür".  

 İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev mövcud vəziyyətin insanlar arasında sadəcə, müvəqqəti narazılıq yaradacağını, pul köçürmələrinə ciddi təsir etməyəcəyini düşünür: "Təbii ki, bunun Rusiyadan pul köçürmələrinə müəyyən təsiri ola bilər. Ona görə ki, insanların müəyyən qrupu bu yoldan istifadə edir. Lakin bu gün pul köçürmələri ilə bağlı kifayət qədər geniş şəbəkələr mövcuddur. Yəni bu sahədə bir rəqabətli mühit, seçim imkanı çoxdur. Hər  hansı bir üsul işləmirsə, bu o demək deyil ki, pul köçürmələri məhdudlaşacaq. Yəni, bu gün ödəniş üçün çox müxtəlif mexanizmlər var. Bu baxımdan pul köçürmələrində ciddi problem yaranacağını düşünmürəm. Ona görə ki, insanlar digər alternativ variantlarla pul köçürmələrini həyata keçirə bilərlər". 

İqtisadi Təhlil İnstitutunun sədri Məhəmməd Talıblı baş verənlər fonunda ölkəmizə Rusiyadan daxil olan pulların azalacağını bildirib: "Bu o deməkdir ki, köçürmələrlə bağlı bank sistemində reputasiya zəifdir. Yəni, banklar arasında etimad artıq sarsılır. Ona görə də, banklar vasitəsilə köçürmələr zəiflədiyi üçün ölkəmizə Rusiyadan daxil olan vəsaitlər azalacaq. Amma bu, əhəmiyyətli azalmalar olmayacaq. Bildiyimiz kimi, ildə təxminən ortalama olaraq 1 milyard dollar həcmində həmvətənlərimizin özlərinin yaxınlarına göndərdikləri vəsaitlər olur ki, bunların həcmi azalacaq. Bu isə istehlak malları indeksinə cüzi enmələrə səbəb olacaq. Bank köçürmələrinin azalması bank insitutlarının gəlirlərinə az da olsa təsir edəcək. 

   Amma inanmıram ki, bu vəziyyət uzun müddət davam etsin. Krımda baş verən hadisələr onsuzda Rusiyanın siyasi-iqtisadi sistemində müəyyən kataklizmlərlə müşahidə olunacaq. Buna Rusiyanın buna uzun müddət davam gətirməsi də mümkün deyil. Ona görə, Rusiya daxildəki iqtisadi strukturlara nəzarəti və sistemi əvvəlki ahənginə qaytarmağa çox tələsəcək. Əgər bu proses uzun çəksə, mərkəzdən qaçma tendensiyaları güclənməklə, iqtisadi proseslərə neqativ təsir də güclənəcək. Bu baxımdan Rusiyanın daxili itkiləri böyüməmiş problemləri həll etməyə çalışmalıdır".