MTN 24 kq narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısını alıb

14 Mart 2014 16:10 (UTC+04:00)

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində 24 kq-a yaxın narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycana qanunsuz daşınmasının qarşısı alınıb.

 

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, bu hüquqazidd əməllərin törədilməsinə görə 9 nəfər şübhəli şəxs qismində tutulub.

 

Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 10 kq-dan artıq heroin, 11 kq 881 qram tiryək, 1 kq 446 qram həşiş və təxminən 20 qram sintetik narkotik vasitə olan metanfetamin aşkar edilərək götürülüb.

 

Bütün faktlarla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Azərbaycan Respublikasının vətəndaşları - Hüseynov Şahüseyn Sərxan oğlu, Qənbərov İlkin Bəyəli oğlu, Haqverdiyev Vasif Abbas oğlu, Dadaşov İlqar Xanhüseyn oğlu, Həsənov Həsən Turab oğlu, Əliyev Elşən İslam oğlu, İbadov Rahid İbad oğlu, Amanov Vüqar Balaş oğlu və Əliyev Ehtiram Dədəkişi oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

 

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.