Azərbaycanın müdafiə naziri: “Əsgərlərimizi xidmətə aid olmayan işlərdən azad etməyə çalışırıq”

14 Mart 2014 17:59 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələrində mülki şəxslərin sayının artırılması istiqamətində işlər aparılır.

 

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

 

Nazir qeyd edib ki, NATO ordularında mülki işçilərdən geniş istifadə edilir: "Bizim məqsədimiz ilk növbədə ordumuzu müasir ordulara uyğunlaşdırmaqdan ibarətdir. İkincisi çalışırıq ki, əsgərlərimizi xidmətə aid olmayan işlərdən azad edək. Bu, çox mühüm məsələdir, Ali Baş Komandanın tapşırığıdır. Biz bunu həyata keçirəndən sonra nizam-intizamı daha da gücləndirəcək, hərbi qulluqçuların döyüş hazırlığına daha çox vaxt ayıracağıq".

 

Z. Həsənov həmçinin qeyd edib ki, ordu quruculuğunda islahatlar daim aparılır:  "Yeni müasir silahlar, avadanlıqlar orduya daxil olur. Bunlardan istifadə etmək üçün müxtəlif tədbirlər həyata keçirmək lazımdır. Bu istiqamətdə işlərimizi davam etdiririk".

 

Nazir qeyd edib ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yüksək səviyyəli kadrların hazırlanması istiqamətində də tədbirlər görülməsi nəzərdə tutulur: "Ali Baş Komandan ordu quruculuğu ilə bağlı mühüm tapşırıqlar verib, həmin tapşırıqlar hazırda icra olunur".