Şahin Mustafayev: “Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 7%-dən çox artıb”

14 Mart 2014 18:21 (UTC+04:00)

Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İtaliyanın Friuli-Venetsiya-Culiya regionunun qubernatoru Debora Serrakiani ilə görüşüb.İqtisadiyyat və Sənaye Nazirliyindən movqe.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, ölkənin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib.O bildirib ki, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər, eləcə də parlamentlərarası əlaqələr üzrə işçi qrupları, Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ölkələr arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir: "Azərbaycan və İtaliya arasında iqtisadi sahədə də əlaqələr inkişaf etməkdədir. İndiyədək ölkələr arasında iqtisadi sahədə investisiyaların təşviqi və qorunması, ikiqat vergitutmanın aradan qaldırılması, kiçik və orta müəssisələr sahəsində əməkdaşlıq və s. kimi 20-yə yaxın sənəd imzalanıb. Azərbaycanda ticarət, sənaye, rabitə, nəqliyyat, tikinti, xidmət, bank və sığorta sahəsində 50-dən çox İtaliya şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə podratçı kimi də iştirak edirlər. İtaliya Azərbaycan əsas ticarət tərəfdaşlarındandır. 2013-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 7%-dən çox artıb. Mütəmadi olaraq iki ölkə arasında qarşılıqlı biznes forumlar, işgüzar görüşlər keçirilir ki, bu da ölkələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətlidir".Nazir İtaliya regionları ilə iqtisadi əlaqələrin genişləndirilməsinin, Azərbaycanda yaradılan sənaye parklarında İtaliya şirkətlərinin iştirakının, kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və qablaşdırılması, həmçinin şərab və bitki yağları istehsalı sahəsində əməkdaşlığın, hər iki ölkənin investisiya imkanlarının araşdırılması və qarşılıqlı investisiya qoyuluşlarının təşviqi məqsədilə məlumat mübadiləsinin təşkilinin, İtaliyada həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakının dəstəklənməsinin, iş adamlarının iştirakı ilə biznes forumların, sərgi və yarmarkaların təşkilinin əməkdaşlığın daha da inkişafı baxımdan əhəmiyyətini qeyd edib.Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Ş.Mustafayev siyasi və makroiqtisadi sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik olan Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib. O, ölkənin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini, iri regional enerji və nəqliyyat layihələrinin iştirakçısı olduğunu diqqətə çatdırıb.D. Serrakiani İtaliya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edərək, təmsil etdiyi regionla Azərbaycan arasında əlaqələrin inkişafında maraqlı olduqlarını diqqətə çatdırıb.