Ticarət mərkəzlərində baş verən yanğınların yaratdığı böyük müəmma

15 Mart 2014 07:11 (UTC+04:00)

"Moskva" Ticarət Mərkəzindəki yanğın son 5 ayda ölkə ərazisindəki iri ticarət obyektlərində baş vermiş 7-ci yanğın hadisəsidir. Qeyd edək ki, ilkin məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli "Moskva" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Məlumatlara görə, "Moskva" univermağında başlayan yanğın nəticəsində satıcılara xeyli ziyan dəyib. Satıcıların sözlərinə görə, əsas ziyan birinci mərtəbədə yerləşən eskalatorun yanındakı mağazalara dəyib. Belə ki, yanğın məhz burdan başlayıb. Bəzi qızıl satıcıları isə hətta, yanğına görə məhsullarının əridyini iddia edir: "Biz qızıl-zinət əşyalarını seyflərə yığıb getmişdik. Alov seyfdəki qızılları əridib. Demək olar ki, heç nə ələ gəlməyib".

Onu da xatırladaq ki, ötən ilin oktyabr ayında Sumqayıtın iri ticarət mərkəzi olan "Karvan"da, ardınca "Binə" Ticarət Mərkəzində, Şəkidə böyük bazarda, Astarada bazarda, ən sonuncusu isə "Sahil" Ticarət Mərkəzindəki yanğın baş verib. 13 fevral tarixində Bakıdakı partlayışlar da bu fonda yaddan çıxmamalıdır. Düzdür, hələlik bütün bu halların hamısında qəsd yox, müəyyən texniki səbəblər göstərilir. Ancaq hadisələrin qısa zaman ərzində baş verməsi başqa versiyaların da irəliyə sürülməsini mümkün edir.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay bildirir ki, baş verənlərin hansı obyektdə olmasına diqqət etmək lazımdır: "Düzdür, yanğınlar ümumi ictimai vəziyyətə təsir etsə də, dövlətçilik baxımından xüsusi əhəmiyyəti yoxdur. Burada təsadüf kimi texniki səbəblər də ola bilər. Ancaq qısa müddət ərzində ticarət mərkəzlərində ardıcıl olaraq yanğınların baş verməsi müəyyən şübhələr də yaradır. Çünki Azərbaycanda yanğın məsələləri çox aktual deyil. Ümumiyyətlə, statistik rəqəmlərə baxanda biz ciddi yanğın problemləri ilə üzləşməmişik. Bu da müvafiq orqanlarımızın fəaliyyətinin, nəzarətin güclü olmasının nəticəsidir. Amma son dövrlər bir neçə iri ticarət obyektlərində güclü yanğınların baş verməsi bunun məqsədli şəkildə həyata keçirmələri kimi şübhələrə də gətirib çıxara bilər. Ona görə də istintaq və xüsusi xidmət orqanları məsələyə ciddi yanaşmalıdırlar".

Ekspert hesab edir ki, qısa müddətdə bir neçə ticarət mərkəzi yanıbsa, bundan sonra da gözləmək olar. Ehtiyatlı olmaq lazımdır: "Burada nəinki Fövqəladə Hallar Nazirliyi, hətta xüsusi xidmət orqanları da işlərin planlı şəkildə olmasına diqqətlə yanaşmalıdırlar".

"Polisə Dəstək" İctimai Birliyinin rəhbəri, sabiq polis polkovniki Şəmsəddin Əliyev bildirdi ki, ardıcıl yanğınların olması bir sıra fərziyyələri ortaya çıxarır: "Qəsdən, qısa qapanma, ehtiyatsızlıqdan yanğın baş verə bilər. Digər bir fərziyyə isə bilərəkdən belə yanğınların törədilməsi ilə bağlı ola bilər. Çünki Azərbaycanın inkişafı, balanslaşdırılmış siyasəti bir sıra dövlətlərdə qıcıq yaradıb. Amma əgər belə cəhdlər varsa, yersiz istəklərdir. İnsanlarımız da vətəndaşlıq borcundan çıxış edərək sayıq olmalıdırlar. Radikal qüvvələr həmişə kütləvi insan olan yerləri seçirlər. Yəni, bu işdə təkcə təsadüf varinatının üzərində dayanmaq olmaz".