Mikayıl Cabbarov: “Əsas məqsəd odur ki, Azərbaycanda ali təhsil müəssisələrinin səviyyəsi daimi olaraq artsın”

15 Mart 2014 13:33 (UTC+04:00)
"Əsas məqsədimiz ali məktəblərdə təhsil almış məzunlarımızın yalnız Azərbaycan iqtisadiyyatında, ölkəmizin sosial həyatında deyil, daha geniş götürsək, qlobal əmək bazarında tətbiq oluna bilən biliklərə malik olmalarına şərait yaratmaqdır".Movqe.az-ın məlumatına görə, bunu Təhsil naziri Mikayıl Cabbarov təhsil uğurları ilə seçilən tələbələrlə görüşündə çıxışı zamanı deyib.Nazir bildirib ki, tələbələr müasir düşüncə tərzinə, öyrənmə bacarıqlarına nail olmaları vacibdir: "Bu heç bir dövlət üçün asan vəzifə deyil. Lakin bunun başqa yolu da yoxdur. Bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də qlobal rəqabətlə qarşılaşırıq".M. Cabbarov deyib ki, xaricdə təhsil proqramı məhz bunun üçün imkan və şərait yaradır: "Əsas məqsəd odur ki, Azərbaycanda ali təhsil müəssisələrinin səviyyəsi daimi olaraq artsın. Necə ki, bu gün biz bunu bir sıra universitetlərdə artıq görürük. Həmin universitetlərdə dünyanın istənilən şirkətinin standartlarına cavab verən mütəxəssislər hazırlanır. Lakin bu universitetlərin və məzunların sayı daimi olaraq artmalıdır. Lakin təəssüflər olsun ki, biz çox hallarda belə bir yanaşma ilə rastlaşırıq ki, universitetə daxil olmaqla tələbənin işi artıq bitir. Təbii olaraq bu belə deyil. Heç də bir universiteti müvəffəqiyyətlə bitirmək tələbənin, məzunun və ya vətəndaşın öz üzərinə düşən işin uğurla başa çatdırılması demək deyil. Hər birimizin uğuru gərgin əməyə əsaslanmalıdır".