Hüseyn Dəryanın ölümü ilə bağlı həkimlərdən açıqlama
15 Mart 2014 15:16 (UTC+04:00)
Bu gün dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın ölümü ilə
əlaqədar bəzi məqamlara aydınlıq gətirilib. 3 saylı Şəhər Klinik
Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyevin
Movqe.az ANS PRESS-ə istinadən bildirir ki, Hüseyn Dərya bu gün
saat 09:30 radələrində keçinib. Həkimin sözlərinə görə, reper
xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub.
"Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin
vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş
qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə
baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Biz onun
öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara
bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı", -
deyə Namiq Dəmirçiyev bildirib.
Namiq Dəmirçiyev onu da əlavə etdi ki, bunadək 2 həftə dalbadal
Hüseyn Dərya xəstəxanaya gətirilib. Hər dəfə də o, qəbul etdiyi
narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Lakin
həkimlər onun həyatını xilas edə bilmişdilər.
"Bu dəfə onu xilas edə bilmədik. Onun xəsarətləri ağır idi", - deyə
həkim bildirib.
Hüseyn Dəryanın qəzaya düşərkən narkotik vasitə qəbul etdiyi barədə
suala isə Namiq Dəmirçiyev bunun hələ dəqiq məlum olmadığını
bildirdi.
Qeyd edək ki, ötən gün saat 23 radələrində Hüseyn Dərya idarə
etdiyi "Opel Astra" markalı 99 EK 575 nömrə nişanlı minik
avtomobili idarə edərkən Heydər Əliyev Beynəlxalq Hava limanına
gedən yolda qəzaya düşüb.
Hüseyn Dərya dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına
yerləşdirilib. Hüseyn Dərya qəza nəticəsində qapalı kəllə-beyin
travması alıb. Sağ qamış sümüyü sınıb. Onu reanimasiya şöbəsinə
yerləşdirilmişdi.