“Dördlər finalı”nın oyunlarına start verildi

15 Mart 2014 17:45 (UTC+04:00)
Martın 15-də Bakıda qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının "Dördlər finalı"nın ilk oyunu başlayıb.

ANS PRESS-in verdiyi məlumata görə, "Baku Crystal Hall"da keçirilən ilk oyunda Türkiyənin "Eczaçıbaşı" və "Vakıfbank" komandaları qarşılaşırlar.

Oyunun baş hakimi polşalı Piotr Dudekdir. Ona almaniyalı Heike Kraft köməklik edirlər.

Qarşılaşmanın ikinci hissəsi italiyalı baş məşqçi Ciovanni Quidettinin yetirmələrinin xeyrinə başa çatıb. Rəqibinə 25:19 hesabı ilə qalib gələn "Vakıfbank" hesabı bərabərləşdirib. 1:1.

İlk setdə isə "Eczaçıbaşı" komandası rəqibini 25:19 hesabı ilə məğlub edib.

Xatırladaq ki, martın 15-16-da keçiriləcək "Dördlər finalı"nda Azərbaycan çempionu "Rabitə" ilə yanaşı, "Dinamo" (Kazan, Rusiya), "Əczaçıbaşı" və "Vakıfbank" (hər ikisi Türkiyə) mübarizə aparacaq.

"Dördlər finalı"nı ən azı 11 televiziya kanalı canlı yayımlayacaq. "Rabitə"nin ev sahibliyi edəcəyi həlledici mərhələni tək Avropada deyil, Braziliya və Asiyada da birbaşa izləmək mümkün olacaq. Belə ki, Band Sports (Braziliya), Eurosport (Asiya/Sakit okean), Fox Sports (İtaliya), İdman TV (Azərbaycan), NTV + (Rusiya), NTV Spor (Türkiyə), NTV Spor Smart (Türkiyə), OTE Sport 5 (Yunanıstan), Polsat Sport Extra (Polşa), RTS 2 (Serbiya) və SSF (İsveçrə) televiziya kanalları artıq bu hüquqa yiyələniblər. Həmçinin, voleybol oyunlarını göstərməklə məşhurlaşan LAOLA1.tv internet kanalı da matçları canlı yayımlayacaq.