Ruslar qərb banklarından pullarını geri çıxarır
15 Mart 2014 18:28 (UTC+04:00)
Rusiyanın nəhəng şirkətləri qərb ölkələri və ABŞ banklarındakı
hesablarını geri qaytarmağa başlayıb.
ANS PRESS-in məlumatına görə, bank hesablarını geri qaytaran
şirkətlər arasında "Sberbank", "VTB" və "Lukoil" şirkətləri də yer
alıb.
Rusiya şirkətləri ötən gün ABŞ dövlət katibi Con Kerri və Rusiya
xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüş zamanı
Krım məsələsi ilə bağlı heç bir razılıq əldə edilmədikdən sonra
banklardakı hesablarını geri qaytarmağa başlayıb.
ABŞ mətbuatının yazdığına görə, ABŞ banklarından geri qaytarılan
bank hesablarının dəyəri milyard dollarla ölçülür.
Sanksiya qorxusu Rusiya şirkətləri ilə yanaşı iş adamlarını da
hərəkətə keçirib. Belə ki, ötən həftə 10 rus iş adamı tərəfindən
ABŞ banklarından 6,6 mlrd. dollar vəsaitin çıxarıldığı
bildirilir.
Xatırladaq ki, qərb ölkələri və ABŞ Krımda referendum keçirilərsə,
Rusiyanın bu ölkələrindəki bank hesablarının dondurulacağını bəyan
etmişdi.
Qeyd edək ki, sabah Krım Muxtar Respublikasında referendum
keçiriləcək. Referendumda müsbət nəticə əldə olunarsa, bölgə
Rusiyanın tərkibinə qatılacaq.