Elman Abdullayev: “Snayperlərin geri çəkilməsinə nəzarət mexanizmi yoxdur”

16 Mart 2014 12:31 (UTC+04:00)
"Ermənistan sülhə məcbur edilməlidir, əks halda bu ölkə qeyri-konstruktivliyini davam etdirəcək". Bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev Ermənistan tərəfinin Azərbaycanın qoşunların təmas xəttindən snayperləri çəkməsi tələbinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ermənistan qoşunları Azərbaycan ərazisindən çıxarıldığı və demilitarizasiya aparıldığı təqdirdə snayperlərlə bağlı bəhanələrə əsas qalmayacaq. "Həmsədrlər də bir şeyi dərk etməlidirlər ki, Ermənistan qarşısında konkret addımların atılması şərti qoyulmalıdır. Bəhanələrə üz çevrilməməlidir. Ermənistan tərəfinin bəhanələri münaqişənin həllinə mane olur".Elman Abdullayev Ermənistanın müxtəlif bəhanələrlə, qeyri-konstruktiv yanaşmalarla dünya ictimaiyyətini aldatmağa çalışdığını bildirib."Amma ortada konkret bir durum var, işğal faktı var, insanların öz tarixi torpaqlarından qovulması faktı var. Azərbaycanın daim təklifi ondan ibarət olub ki, hərtərəfli sülh sazişi imzalansın, buna əsasən də münaqişənin mərhələli həlli həyata keçirilsin. Təbi ki bu həll, Ermənistan silahlı qoşunlarını Azərbaycanın işğal olunmuş ərazisindən çıxarılmaqla başlaya bilər. Belə olan halda Ermənistanın snayperlə bağlı bəhanələri də öz həllini tapmış olur".Nazirlik rəsmisi qeyd edib ki, münaqişənin mərhələli həlli ATƏT-in Minsk Qrupunun 2009-cu ildə irəli sürdüyü yenilənmiş Madrid prinsiplərində öz əksini tapıb. Rəsmi Bakı bu prinsiplərə əsaslanaraq münaqişənin həllini dəstəkləyir.Bu yaxınlarda Azərbaycan xarici işlər naziri Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüş keçirib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son durumu müzakirə olunub.