Mahal İsmayıloğlunu Bakıda əməliyyat etmək istəmirlər

16 Mart 2014 13:15 (UTC+04:00)
"Türkiyəyə getməyə məcburam, amma ona da maliyyə çatmır"

Ölkə mediasının tanınmış simalarından biri, "Xalq qəzeti"nin sabiq baş redaktoru Mahal İsmayıloğlunun vəziyyəti kritikdir. Jurnalist təcili böyrək əməliyyatı keçirməlidir. Əməliyyat martın 17-nə təyin edilsə də, son anda həkimlər imtina ediblər. 

Bu barədə musavat.com-a M.İsmayıloğlu özü məlumat verib. "Mərkəzi Neftçilər Xəstəxanasının Urologiya şöbəsi ilə bir həftə ərzində danışıqlar aparılmışdı, əməliyyat razılaşdırılmışdı. Oradan bildirilmişdi ki, martın 15-də əməliyyat üçün hazırlıq olacaq və xəstəxanaya getməliyəm. Getdim, bəzi analizlər götürdülər. Sonra qəfildən dedilər ki, həyat riski çox böyük olduğuna görə sizi əməliyyat etməkdən imtina edirik. Buna görə xəstəxanadan çıxdım, hazırda evdəyəm".

O qeyd edib ki, əməliyyat üçün Türkiyəyə getməyə məcburdur, ancaq buna da maliyyə vəsaiti çatışmır: "Əməliyyatın riskli olduğunu rəsmi şəkildə mənə bildirdilər. Türkiyədə isə əməliyyat üçün 20 min manat civarında pul tələb olunur. Ancaq pul yoxdur".

Qeyd edək ki, bir müddət əvvəl onun sağlıq durumunda ciddi problemlər baş qaldırıb. Həkimlər onda ürək və böyrək çatışmazlığı təsbit ediblər. Onun sözlərinə görə, böyrəyinin biri tamam fəaliyyətini dayandırıb, digəri də fəaliyyətini dayandırmaq üzrədir. Əməliyyat edilərək onun böyrəyinin biri təcili götürülməlidir. Onun səhhətində bir neçə il öncə də ciddi problemlər yaranmış və xəstəxanada müalicə almışdı, həmçinin ürək əməliyyatı keçirmişdi.