İslam bankçılığının inkişafında qanunvericilik əngəli

17 Mart 2014 13:09 (UTC+04:00)

Dünya  maliyyə sistemində son vəziyyətin təhlili bir daha göstərir ki, dünyada İslam qaydaları əsasında fəaliyyət göstərən maliyyə-kredit təşkilatlarına olan maraq əvvəlki kimi sürətlə artır. Azərbaycanda da müəyyən müddətdir İslam bankçılığı tətbiq olunsa da, o, hələ də istənilən səviyyədə populyarlıq qazana  bilməyib. 

İqtisadçı-ekspert Vüqar Bayramov bu məsələni şərh edərkən Mövqe.az-a açıqlamasında bildirib ki, İslam bankçılığının bütün prinsipləri ölkəmizdə tam olaraq tətbiq edilmir:  "Azərbaycanda İslam bankçılığının inkişafı üçün onun prinsiplərinin tam olaraq tətbiq edilməsinə ehtiyac var. Bu gün təəssüf ki bəzi banklar İslam bankçılığını tətbiq etməyə çalışsalar belə, onlar sadəcə, bunun mövcudluğunu, kənardan görünüşünü təmin etməyə çalışırlar. Bu şərtlərlə və prinsiplərlə İslam bankçılığının inkişaf etdirilməsi praktiki olaraq mümkün deyil. İslam bankçılığı sadəcə, faizsiz kredit verilməsini özündə ehtiva etmir. İslam bankçılığı müxtəlif layihələrin maaliyyələşdirilməsində iştirak edilməsi ilə, əldə edilən vəsaitin müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilməsi, xüsusən bankın subsidiya sektorunda kifayət qədər əsaslandırılmış və ciddi bir kompleks planların olması nəticəsində baş verir. Beləliklə, İslam bankçılığı fəlsəfəsinin düzgün başa düşülməməsi və tətbiq edilməməsi proseslərin uğurla həyata keçirilməsinə mane olur". 

Ekspert hesab edir ki, burda başqa məsələ ölkədə mövcud qanunvericiliyin banklara İslam bankçılığı prinsipini tam olaraq həyata keçirməyə imkan verməməsidir:  "Çünki Azərbaycanda qanunvericilik banklara yalnız ödənişlərin qəbulu, kreditləşmə və digər bu tip ənənəvi funksiyaları verir. Amma nəzərə alsaq ki, İslam bankçılığı yalnız faiz üzərində qurulan bankçılıq deyil, bu səbəbdən qanun banklara imkan verməlidir ki, müxtəlif investisiya qoyuluşlarını həyata keçirsinlər. Amma təəssüf ki, mövcud qanunvericilik  İslam bankının inkişafını stimullaşdırmır. Və bu da əsas problemlərdən biri kimi qiymətləndirilir. Bu baxımdan İslam bankçılığının Azərbaycanda inkişaf etdirilməsi üçün əvvəla qanunvericilikdə dəyişikliklər edilməsinə ehtiyac var. İkincisi İslam bankçılığı fəlsəfəsinin düzgün anlaşılması və olduğu kimi tətbiq edilməsinə çox mühümdür. Üçüncü tərəfdən isə, bizdə banklar yalnız ənənəvi bank fəaliyyətləri ilə ixtisaslaşıblar və biznesdə, iqtisadiyyatın  mxtəlif sektorlarında müxtəlif proqramların həyata keçirilməsində iştirak etmirlər. Bu isə bankların sərmayə qoyuluşunun artırılması nəticəsində baş verə bilər. O baxımdan sözügen faktorların əməl edilməsi  ilə Azərbaycanda İslam bankçılığının inkişafına nail olmaq mümkündür".