Novruz tətilində ölkəmizdən xaricə yenə milyonlar axacaq

17 Mart 2014 13:12 (UTC+04:00)

Novruz bayramı yaxınlaşdıqca tətil günlərini xaricdə keçirəcək insanların sayının yenə də çox olacağı məlum olur. Bunu turizm şirkətlərinə indidən verilən sifarişlərin artması da təsdiq edir. Bayram münasibətilə əyləncə təşkil edən ölkədaxili müxtəlif mərkəzlərdə isə qiymətlər indidən od tutub yanır.  Belə vəziyyətdə bir çox  vətəndaş baha qiymətə tətil keçirməkdənsə, xarici ölkələrə səfər etməyi daha üstün tutur. Bu isə yenə miqdarı milyonlarla dollar olan böyük həcmdə  vəsaitin xaricdə xərclənməsinə səbəb olacaq. 

Turizm üzrə iqtisadçı ekspert Elxan Vəliyev məsələ ilə bağlı Mövqe.az saytına vətəndaşların daha çox xaricə üz tutmasını bu cür izah edib:  "Əhalinin xarici ölkələrə üz tutmasının səbəbi budur ki, insanlar burda həm bayram ərəfəsində istirahət etmiş olurlar, həm də ki, müəyyən ehtiyaclarının qarşılanması üçün istifadə edirlər. Məsələn, orda tibbi müayinədən keçib müalicə almaq üçün xidmətlərdən yararlanırlar. Bundan əlavə alış-veriş etmək məqsədilə də başqa ölkələrə gedənlər var. Belə ki, elə brendlər var ki, onlar bizim ölkəmizdə yoxdur. Və ya başqa hallarda bizdə eyni brendin malları başqa ölkələrdəkinə nisbətən baha olur. Məhz bu səbəblərdən insanlar xarici ölkələrə gedərkən orda alış-veriş də edirlər. Üçüncü növbədə isə bu bir həqiqətdir ki, daxili turizm  obyektlərində təklif olunan xidmətlərlə qoyulan yüksək qiymətlər hər zaman uyğun olmur. Yəni, vətəndaşlar standartlara uyğun keyfiyyətli xidmətlə təmin olunmurlar. Xarici ölkələrdə isə belə deyil. 

   Ölkədə turizmin inkişafı üçün düşünürəm ki bir qədər xarici təcrübəyə üz tutmaq lazımdır. Baxmaq lazımdır ki, xarici ölkələrdə bu xidmətlər neçəyə başa gəlir və nə şəkildə həyata keçiririlir. Mövcud təcrübələrdən yararlanmaq lazımdır.  Lakin bu o demək deyil ki, bizdə daxildə də turizm inkişaf etmir. Artıq ölkəmizdə yüksək səviyyəli otellərin yaradılması, yenilərinin tikilməsi, bu sahənin inkişafı üçün müvafiq addımların atılması işləri görülür.  Məsələn, bu gün bizdə xüsusən həftəsonları Şahdağa, Tufandağa və bu kimi turizm obyektlərinə üz tutan insanların sayı kifayət qədərdir. Yəni daxildə də inkişaf var. İnsanların xarici ölkələrə üz tutmasına gəlincə isə, onun qarşısını heç vaxt almaq olmaz. Çünki bu şəxsi tələbatdan qaynaqlanır.

   Digər tərəfdən azad rəqabətin genişləndirilməsi lazımdır. Əvvəllər  Bakıda çox az sayda otellər var idi. Bu səbəbdən, rəqabətli mühit yox idi deyə, mövcud otellər də istənilən qiyməti təklif edirdilər. Sonradan Abşeron otel, Hilton otel və s. kimi böyük otellərin tikintisindən sonra artıq azad rəqabət yaradılmış oldu. Yəni, qiymətlər müəyyən dərəcədə düşmüş oldu və keyfiyyətdə də irəliləyişlər müşahidə olundu. Ən azından işçilər xaricə göndərildilər, orda təcrübə topladıqdan sonra gəlib öyrəndiklərini burda tətbiq etməyə başladılar və s. Bax bu kimi addımların genişləndirilməsinin vaxtıdır. Çünki, nəzərə almaq lazımdır ki, Azərbaycana gələn təkcə Bakıya gəlmir. Rayonlara üz tutduqda keyfiyətli xidmətə ehtiyyac duyurlar. Bələdçilərin də burda ciddi rolu vardır. Onlar da Azərbaycan haqqında məlumat verərkən diqqətli və peşəkar olmalıdırlar. Müvafiq qiymətlərlə keyfiyyətli xidmətlər təklif edilsə, düşünürəm ki, xaricə axan pullar müəyyən qədər ölkə turizmində də realizə edilə bilər". 

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə isə, insanların xarici ölkələrə səfər etməsi normaldır: "Yəni, imkanı olan şəxslərin xarici ölkələri görmək istəməsi, onların mədəniyyəti ilə tanış olması dünyanın bütün ölkələrində rast gəlinən haldır. Məsələn, bizim regionda ən böyük turizm ölkələrindən olan Türkiyədə belə, hər il xaricə çıxanların sayı artır. Son rəqəm o idi  ki, hər il ölkədən çıxanların sayında 10-15% civarında artım müşahidə olunur. Halbuki burda  qiymətlər də, ümumiyyətlə, otel biznesi, dincəlmək üçün bütün şərait bir sıra ölkələrə nisbətən çox yüksək səviyyədədir. Bu, çox təbii bir haldır. Azərbaycanda yerli turizmin inkişafı üçün ciddi infrastruktur dəyişikliklərindən savayı keyfiyyət göstəricilərində dəyişikliklər, qiymətin aşağı düşməsi, rəqabətin artmasına ehtiyac var".

Ekspert hesab edir ki, bunlar həyata keçirilməlidir ki, insanlar daha çox Azərbaycan hüdudlarında öz bayramlarını keçirməyə üstünlük versinlər: "Amma indi həm qiymətlər bahadır, həm də keyfiyyət qanedici deyil. Bundan əlavə dincəlmək istəyən insanlar tək otelin, yeməyin keyfiyyətinə önəm vermirlər. Onlar səfər etdikləri bölgələrdə tarixi abidələrlə tanış olmaq istəyirlər. Yeni yerləri, təbiət mənzərələrini görmək istəyirlər. Bunun üçün isə yerlərdə daha keyfiyyəli turlar təşkil olunmalıdır. Tarixi abidələrin baxımlılığı yüksək səviyyəyə çatdırılmalıdır. Bütün bunlar paralel olaraq həyata keçirilməsə, ölkədə qiymətlərin də baha olmasının nəzərə alsaq, Azərbaycanda vətəndaşlar əsasən qonşu ölkələrə, Türkiyəyə, Gürcüstana və s. yerlərə səfər etməyə davam edəcəklər".