Daha bir qədim alban tapıntısı aşkarlandı- FOTOLENT

17 İyun 2012 20:21 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin inşaatçıları tərəfindən Girdimançaydan Ağsu şəhərinə su xətti çəkmək məqsədilə torpaq işləri görülərkən Bakı-Göyçay magistral yolunun şimal tərəfində Kəlağaylı kəndi ərazisində I-II əsrlərə aid qəbirlər üzə çıxıb. Ekskavatorla dağıdılmış qəbirin hər birində zəngin avadanlıq qeydə alınıb. Bunlar əsasən yüksək zövqlə hazırlanmış rəngarəng çeşidli saxsı qab nümunələridir. Tapıntıların əksəriyyətini iri təsərrüfat küpləri, süddanbiçimli, ağzı büzməli, lüləkli və novçalı qablar, təkayaq vazlar, kiçik küpə və dolçalar, məhtərələr təşkil edir. Qəbirlərdən çıxan materiallar içərisində qayıqvari formalı dən daşları və dəmir silah nümunələri də vardır. Tarix elmləri doktoru Qafar Cəbiyev burdakı bəzi tarixi nümunələrin sındırılıb dağıdılmasından narahatdır: "Əfsuslar olsun ki, inşaatçıların və aidiyyəti qurumların səhlənkarlığı üzündən qədim alban mədəniyyətinə aid bu nadir tapıntıların xeyli qismi sındırılmış, dağıdılmış, bir qismi isə fəhlələr və ətraf kəndlərin sakinləri tərəfindən mənimsənilmişdir." AMEA-nın Ağsu arxeoloji ekspedisiyası olaydan xəbər tutduqda su kəməri çəkilən əraziyə baxış keçirilib, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müvafiq akt tərtib edilib və dağıdılmış tapıntıların bir qismini toplaya biliblər. Aşkar olunmuş yeni abidənin dövlət qeydiyyatına alınması üçün ekspedisiya rəhbərliyi tərəfindən zəruri tədbirlər görülüb.