Novruz Bayramı bərəkət gətirir

17 Mart 2014 11:00 (UTC+04:00)

Günəşli bir gündür. Yeddioymaqdan çıxıb Masallı mərkəzinə üz tuturam. Hava, Günəş,Təbiət gözəl bir gündən xəbər verir. Doğma Azərbaycanımıza, Masallıya bahar gəlib. Yol boyu çöl də, çəmən də deyir ki, "mən baharam, gəlmişəm!" Ürək bu canlı mənzərədən ləzzət alır. Yolun solu da, sağı da qələbəlikdir. İnsanlar işləyir, çöllərdə xariqələr yaradırlar. Bu ilin tərəvəz məhsullarının əməli bünövrəsi qoyulur. İş üstündə olan qızlar, qadınlar fərəhlə işləyirlər. Azərbaycanın hər yerində olduğu kimi Cənub bölgəsində də, doğma Masallıda da bol məhsulun əsası qoyulur. 

Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi, 

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV yazır ki, yaddaşıma Cənublu şair VAQİF HÜSEYNOVUN məşhur "MASALLIDADIR" şeiri gəlir:

Gözəllik sərgisi deyim bu yerdə,

Çiçəkli ormanlar Masallıdadır.

Lalələr qızarır şaxta, qarda,

Güllər, gülüstanlar Masallıdadır.

Deyin bu torpağın harda tayı var?!

Hər cür sovqatı var, hər cür payı var.

Faraş tərəvəzi "buket" çayı var,

Bağçalar, bostanlar Masallıdadır.

Dağların zirvəsi buluda çatır,

Söyüdlər saçını çiyninə atır.

Burda min kitabın mövzusu yatır. 

Nağıllar, dastanlar Masallıdadır.

Masallıya çatanda misli görünməmiş gözəlliyin şahidi oluruq. Maşınımız rahat asfalt yolları şütüyür. Təzə binalar, salınmış yeni parklar Masallını ayrı bir gözəlliyə salıb. İndi rayon mərkəzində, kəndlərimizdə böyük quruculuq işləri büsat alıb. Bütün bu işlərin gerçəkləşməsində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı çox hörmətli cənab Rafil İsrafil oğlu Hüseynovun xidmətləri əvəzsizdir. Əgər o bir il bundan qabaq danışırdısa ki, Masallı və onun kəndləri indi gördüyümüz kimi olacaq, buna heç kim inanmazdı. Amma, fakt faktlığındadır: verilən vəd yerinə yetirilmişdir. Masallı, onun ətraf mahalları Başçının dediyi kimi, daha da gözəl olacaqdır. Allah eləsin! Burda Azərbaycan Dövlətinin qurucusu və yaradıçısı, Ulu Öndər Heydər Əlirza oğlu Əliyevin bu sözləri yadıma düşür:

" Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır..."

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin aşağıdakı sözlərini də xatırlayıram:

"Əziz dostlar! Mən hamınızı bir daha ürəkdən salamlayıram arzu edirəm ki, bundan sonra da inkişaf sürətlə getsin, burada hər şey yaxşı olsun, əmin-amanlıq olsun, siz yaxşı yaşayasınız. Prezident kimi mən də əlimdən gələni edəcəyəm ki, hamımız birlikdə buna nail olaq. Sizə can sağlığı, uğurlar arzulayıram. Sağ olun."

Rayonumuzda insanların həyat səviyyəsinin yaxşılaşmasına da xüsusi diqqət yetirilir. Bu da Rafil müəllimin diqqətindədir. Əyani misal: Masallı təzə bazarında cərşənbə bayramı münasibətilə xüsusi yarmarka təşkil olunmuşdur. Düzünü deyim ki, mən bura ərazi nümayəndələrinin dəvəti ilə gəlmişdim və onların xoş işinin şahidi oldum səhər yarmarkasından alış-veriş, adam axını burada qələbəlik yaratmışdı.Bu barədə  "Masallı Rayon İcra Hakimiyyəti"nin rəsmi saytı əvvəlcədən belə bir xəbər yayıb:

"Rayon sakinlərinin nəzərinə!


     Əziz masallılar!



      Martın 15-16-da "Xan çinar" ticarət mərkəzinin (təzə bazar) arxasındakı meydanda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçiriləcəkdir.


      Sizi bayram süfrələri üçün ucuz və keyfiyyətli ərzaq  məhsulları almağa dəvət edirik!


 


                                                         Masallı Rayon İcra Hakimiyyəti".


Yarmarkaya Masallı Rayon İcra Hakimiyyətinin aparatının işçiləri də nəzarət edirlər ki, bu mühüm bayram tədbiri də səmərəli keçsin. Bütün guşələrdə hər bir ərazi nümayəndəliyi öz adamlarının tədarük etdikləri məhsullarını bayram süfrəsinə çıxarmaq üçün ümumi yarmarka təşkil etmişlər. Burada hər şey tapmaq olar: adi, yaşıl səmənidən tutmuş buğda məhsullarına qədər... Bütün kənd təsərrüfatı malları da münasib qiymətədir; yəni satılan məhsullar adi bazar qiymətindən fərqli olaraq aşağıdır. İnsanlar təşkil olunan bu yarmarkadan razılıq edirlər, Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə razılığını və minnətdarlığını bildirirlər. Danışırlar ki, nə yaxşı bu yarmarka təşkil olunub. Bayram süfrəsi üçün lazım olan hər bir şeyi buradan əldə etmək olur. Daha başqa yerə getməyə ehtiyac olmur.

Qeyd edək ki, nümayiş olunan mallar həmin ərazisinin nümayəndəliyi adı altında alqı-satqı olunur və hər bir aidiyyatı kəndin ərazi nümayəndəliyinin rəhbərliyi burada olur, mallara nəzarət edir, alıcıların hər bir arzu və təkliflərini əməli qayda da həyata keçirir, bu işə məsuliyyətə yanaşır, tədarükçülərlə birlikdə işləməyə səy göstərirlər. Onlar da çalışırlar ki, Masallı Rayon İcra Hakimiyyəti Başçısı rəhbərliyinin bu tapşırığını da layiqincə yerinə yetirsinlər. Bu belə də olacaqdır. Təbiət də, insanlar da sanki birləşib sevincli bir parodiya yaradıblar. Hamı sevinc içərisindədir. Çünki qarşıdan Novruz bayramı, çərşənbə günü gəlir. Hamılıqla bu əziz günə hazırlaşırlar.

Ovqatınız həmişə belə olsun! Neçə belə bayramlara çıxasınız: sevinclə, fərəhlə, toy-büsatla...


ƏLİHÜSEYN ŞÜKÜROV.

Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü.

Murmansk - Masallı.