Mir Şahin MTRŞ-ya qarşı?
17 Mart 2014 18:07 (UTC+04:00)
Tanınmış jurnalist, ANS Şirkətlər Qrupunun
vitse-prezidenti Mir Şahinin ANS TV-nin HESABAT verilişində Milli
Tele Radio Şurasının (MTRŞ) bir sıra populyar televerilişləri
bağlamaq istəyini ilə bağlı çıxışı Azərbaycanın bir çox ziyalıları
tərəfindən dəstəklənib. ANS PRESS-ə zəng edərək fikirlərini ifadə
edən ziyalılar tanınmış jurnalistin haqlı olduğunu
bildiriblər.
Qulu Məhərrəmli: "Bizim teleməkanımız
qeyri-standart nümunələrlə zəngindir. Bu baxımdan təcrübədə
verilişlərin, kanalların bağlanması, onlara müəyyən qadağaların
qoyulması və s. çox mənfi haldır. Niyə Milli Teleradio Şurasında
"Ümid var" və "Adam içində" verilişlərə qıcıq yaranır. Bu tip
verilişlər hansı ehtiyacdan yaranır. Biz deyirik ki, televiziya
güzgüdür və bu güzgüdə cəmiyyətin müxtəlif qatları, xarakterlər,
hadisələr özünü göstərə bilir. Yəni mən demirəm ki, cəmiyyətdə nə
baş verirsə, onların hamısını ekrana düşımalıyıq. Lakin bu tip
verilişlərə ehtiyac var.
Əgər bu gün cəmiyyətdə gedən çox ciddi proseslərlə
bağlı bir neçə diskusiya verilişlər yoxdursa, olanları da
məhdudlaşdırırıq, müəyyən qadağa qoyuruqsa, onda telekanallar hansı
çıxış yolu tapmır. Biz tələb edirik ki, televiziyalar auditoriyaya
keyfiyyətli məhsul təqdim etsin. Əgər həmin verilişləri yaratmaq
üçün televiziyanın imkanları məhdudlaşdırılırsa, onlar müəyyən bir
çərçivəyə salınırsa, təbii ki, kanallar başqa variantlar axtarır.
Bax belə əyləncə. Şou xarakterli verilişlərin çox olmasının əsas
səbəbi odur ki, digər məzmunlu proqramlara, xüsusən ictimai məzmun
daşıyan verilişlərin meydanı daraldılıb.
Baxın, ANS-in özündə, 10 iləvvəlki proqramının
cədvəlinə baxanda, görəndə hər şeyi başa düşürük. Axı tamaşaçı özü
bilir, prosesləri izləyir. Tamaşaçı televiziyalar üçün hansı
qadağaların olduğunu anlayır".
Xalq artisti, tarzən Möhlət Müslümov: "Əslində bu
tipli verilişlərin bağlanması yaxşı deyil. Bu senzuradır. Yaxşı
olardı ki, bu tipli verilişlər davam edərdi. Düzdü, çərçivəni
aşmamaq şərtilə, bu tipli verilişlərin olması, yerli kanallara
tamaşaçıları daha çox bağlayır. Onsuz da sadə insan digər xarici
kanallarda bu tipli verilişlərə baxır. Yerli kanallarda belə
verilişləri bağlamaq, yerli kanallara qarşı antikampaniyadır. Məni
də arada bu tipli verilişlərə çağırırdılar. Orada ziyalılarımız
öyüd-nəsihət verirdilər. Biz indi qloballaşma dövründə yaşayırıq.
Pisi də, yaxşını da görürük. Sovet dövrü deyil ki, gözümüz bağlı
olsun. Biz ekranda göstərilən pisi görüb, qınaq obyekti olmaqdan
qorxmalı və yaxşını seçməliyik. Bu baxımdan belə verilişlərin
olması vacibdir".
"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı: "Bu
verilişləri bağlamaqla cəmiyyətdə olan problemləri həll etmək
mümkün deyil. Biz cini şüşədən çıxarmışıq, artıq ona nəzarət etmək
mümkün deyil. Bu tip verilişlərə qadağa qoymaq senzuradır. Biz
əvvəldən deyirik ki. senzura yoxdur. Amma sonradan kanallara
senzura qoyuruq. Belə verilişləri bağlamaqla Sovet dövründə olan
konfliktsizlik şəraitinə gəlib çıxacağıq. O vaxtlar ziddiyyətli
məqamlar işıqlandırılmırdı. Ancaq bu o demək deyildi ki, o vaxtlar
problemlər yox idi. Biz indi də özümüzü problemsiz göstərmək
istəyirik və indi həmin problemləri işıqlandıran verilişlər
bağlamaq istəyirik".
Musiqişünas, tar müəllimi Əsab Əliyev: "Düşünürəm
ki, "Adam içində" tipli verilişlərin olması vacibdir. "Hesabat"
verilişində Mir Şahin həmin məsələni çox gözəl şərh edib. İndi belə
götürəndə, kanallara hamı baxır. Savadlı da. Savadsız da, evdar
qadın, ziyalı, işçi və s. Həmin Azərbaycan tamaşaçısı yerli
kanallarda öz istədiyini tapmalıdır. Əgər tapa bilməsə, onda xarici
kanallara üz tutacaq. Bəs onda bu qədər kanal nəyə lazımdır? Sovet
dövründəki kimi 1 kanal olardı, həmı ona baxardı. Belə verilişlərin
bağlanması Azərbaycan teleməkanının boğulması
deməkdir".
İlahiyyatçı Hacı Şahin: "Əslində cəmiyyətdəki
problemlərin işıqlandırılması kanalların vəzifə borcudur. Bu
verişlərdə səslənən problemlərə baxan məmurlar da, televiziyalara
baxıb mövcud problemləri həll etməlidirlər. Bəzi qanunazidd
hadisələrin baş verməsi həmin kanallarda yayımlandığı üçün
ictimailəşir və bunun həll olunmasına da xüsusi şərait yaranır.
Ümumilikdə belə verilişlərin bağlanması yaxşı hal
deyil".
Paytaxt sakini Elşən Məmmədov "Mən həmişə "Adam
içində", "Ümid var" və başqa, bu tipli verilişlərə baxırdım. İndi
belə verilişləri bağlayandan sonra, ümumiyyətlə yerli kanallara
baxmayacağam. Çünki mənim sadə insanların problemlərini
işıqlandıran verilişlərdən daha çox xoşum gəlir. Bazar günü ANS-də
"Hesabat" verilişində də bu barədə çox yaxşı danışıldı. Əslində
belə verilişlərin bağlanmasının bir adı var, o da, həmin kanalları
batırmaq niyyətidir".
Təqaüdçü Şöhlət Kərimov: "Bilirsiz əslində belə
verilişlər çox baxımlıdır. İndi 80-cı illər deyil ki, millət oturub
ancaq 1 kanala baxsın. Mindən çox kanal var. Yerli kanallarda
bağalayacaqlar, xarici kanallardan baxacağıq. Mən əslində bu tip
verilişlərin bağlanmasına qərar verən hər kəsi şiddətlə qınayıram.
Bu barədə ən yaxşı fikirləri ANS-də "Hesabat" verilişində
səsləndirdilər. Əslində bu addım Azərbaycanda insanaları naraz
salmaqdan başqa bir şeyə qulluq etmir".
Müəllimə Qənirə Məmmədova: "Dünən ANS-dən
"Hesabat" verilişinə baxdım. Verilişdə Mirşahin Ağayev çox yaxşı
izah etdi. Doğrudan da, Teleşura "Ümid var" və "Adam içində"
verilişlərinin bağlanması barədə qərar qəbul edib. Bu verilişlərin
nəyi pisdir ki? Burada Azərbaycan reallıqları əks olunur. Əgər
həqiqətən də, cəmiyyətimizdə qızını zorlayan ata, qardaşının
arvadına göz dəkən binamus varsa, televiziyada onu göstərməyin
qəbahəti nədir? Əksinə həmin şəxs biabr olacaq, ictimai qınağa tuş
gələcək. Bundan utanan digər insan da, onun yolu ilə getməkdən
qorxacaq. Əslində bu verilişləri bağlamaq yox, cəmiyyətdəki
neqativləri, çatışmazlıqları aradan qaldırmaq lazımdır. Bu tipli
verilişlər güzgü idi. Məmurlar bu güzgüyə baxıb, problemləri həll
etməlidirlər. Daha ayıbları göstərən güzgünü sındırmaq
olmaz".
Müəllimə Məlahət Ələkbərova: ""Mən tərəfdarı
deyiləm ki, belə verişlər bağlansın. Əslində bu tipli verilişlər
məktəbdir. Mən həmişə şagirdlərimə həmin verilişlərə baxmağı
tapşırıram. Çünki həmin verilişlərə baxıb ibrət götürmək lazımdır.
Orada cinayətkar, pis iş görənin əməlini görüb, həmin işi təkrar
etməmək ən azından müsbət bir haldır. Bundan nəticə çıxartmağın özü
bir dərsdir. Şəxsən mən çalışırdım bütün günü işimi görüm,
qurtarım, veriliş başlayanda, həmin verilişə baxırdım. "Ümid var"
verilişinin bağlanmasına çox təəssüflənirəm. İstəmirəm ki, "Adam
içində" verilişi də həmin aqibəti yaşasın"
Taksi sürücüsü Samir Aslanov: "Deyirlər ki, bu
tipli verilişlər milli mənəvi dəyərlərə ziddir. Axı milli mənəvi
dəyərlərimizi kim müəyyən edir? Bir nəfər? Həmin şəxs axı necə
mənim mənəvi dəyərimi müəyyən edə bilər? Məncə milli mənəvi
dəyərləri xalqın problemlərini işıqlandıran verilişləri bağlamaqla
qorumurlar. Əslində həmin verilişləri yayımlayan kanalların özü
milli mənəvi dəyərləri qoruyur. Düşünürəm ki, əgər mən hansısa
insanın ailə probleminə baxıram və sonradan onun etdiyi səhvi
təkrar etmirəmsə, bunun özü milli mənəvi dəyəri qorunmasıdır. Həmin
verilişlər sayəsində insanlar yol verdikləri səhvləri anlayırlar.
Həmin verilişə baxan insan sonradan addığı addıma diqqət yetirir və
səhvə yol verməkdən çəkinir".