Elnur Aslanovun işdən çıxarılmasına YAP-dan reaksiya

17 Mart 2014 18:37 (UTC+04:00)
"Azərbaycanda heç kim dini baxışlarına görə vəzifəsindən azad edilmir. Sadəcə, hər bir qurumda çalışanın işinin keyfiyyətinə görə rəhbərliyi qane edib-etməməsi var ki, qərar da buna görə verilir".
Bunu Apa-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov ölkə başçısının Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun vəzifəsindən azad etməsinə münasibət bildirərkən deyib.O qeyd edib ki, Azərbaycanda din azaddır, qanun çərçivəsində fəaliyyət göstərən heç kim dini əqidəsinə görə vəzifəsindən çıxarılmır: "Azərbaycan dünyada tolerantlığı ilə tanınır. Sadəcə, bəzi kəşfiyyat dairələri müəyyən qruplar yaradıblar, o qrupların da əslində dinə heç bir aidiyyəti yoxdur. Müəyyən vəsait alırlar və bu vəsaitlə Azərbaycanda din pərdəsi altında özlərinin qruplarını, təşkilatlarını yaratmağa çalışırlar. Yəni bunun dinə aidiyyəti yoxdur ki, kiminsə işdən çıxarılması sırf dini amillə bağlanılsın. Hər kəsin tutduğu vəzifə, hər vəzifənin də icrasına nəzarət edən rəhbər var. Məsələ həmin vəzifə sahibinin işinin keyfiyyətinin o rəhbəri qane edib-etməməsindən gedir. Bu gün verilən sərəncama gəlincə, deməli, belə məsləhətdir".
S. Novruzov E. Aslanovun bundan sonra YAP-da qalıb-qalmaması məsələsinə isə belə cavab verib: "Onun partiyada qalıb-qalmamasına baxılması məsələsi hazırda gündəlikdə yoxdur".