2012-ci ilin müvafiq ayları ilə müqayisədə 2013-cü ildə ünvanlı
sosial yardım təyin olunmuş ailələrin sayı subyektiv səbəblərdən
5,5% artıb. APA-nın xəbərinə görə, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Təminat Xidmətinin rəisi Çingiz Əliyev əmək və əhalinin sosial
müdafiəsi naziri Səlim Müslümovun sədrliyi ilə respublikada sosial
müdafiə sahəsində aparılan islahat tədbirlərinin cari vəziyyəti və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib.O
bildirib ki, şəffaflığın təmin edilməsi, neqativ halların aradan
qaldırılması və nəzarət mexanizminin gücləndirilməsi sahəsində
aparılmış məqsədyönlü işlər nəticəsində 2014-cü ilin ilk iki ayında
2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ünvanlı yardım təyin
olunmuş ailələrin sayı 10,9% azalıb: "Ünvanlı sosial yardım
alanların adlı siyahısı cəmiyyətə açıqlandıqdan sonra KİV ilə
əhaliyə edilən müraciətlərdən sonra gözlənilən müvafiq məlumatlar
daxil olmaqdadır. Daxil olmuş məlumatlar əsasında Ağdam, Ağcabədi,
Lerik, Saatlı, İmişli rayon ƏƏSMM-ləri tərəfindən ünvanlı sosial
yardım təyinatında yol verilmiş nöqsanlar araşdırılaraq ciddi
tədbirlər görülüb. Bununla bağlı olaraq artıq ödənilmiş vəsaitin
bərpa etdirilməsi təmin olunmaqla, həmin mərkəzlərin məsul şəxsləri
barədə ciddi intizam tədbirləri görülüb, o cümlədən hər iki
mərkəzin direktorları vəzifələrindən azad edilib".
Ç.Əliyev qeyd edib ki, əhaliyə xidmət səviyyəsinin
yaxşılaşdırılması və şəffaflığın təmin olunması istiqamətində
aparılan işlərin müsbət nəticəsi kimi, müvafiq dövrdə Dövlət Sosial
Təminat Xidmətinə "142 - Qaynar xətt" vasitəsilə 1728 vətəndaş
müraciəti olub və bu da əvvəlki dövrlə müqayisədə 438 müraciət
azdır.