Dünya nüvə müharibəsi astanasında

18 Mart 2014 07:35 (UTC+04:00)

ABŞ-la münasibətlərinin Ukrayna düyünündə Rusiya ən qorxulu təhdidlə gündəmə gəldi. Belə ki, "Rossiya-1" telekanalının aparıcısı Dmitri Kisilyov Krımda keçirilən referendum məsələsinə toxunarkən, açıq-aşkar Amerika Birləşmiş Ştatlarını nüvə silahı ilə təhdid edib: "Hadisələr gərginləşərsə, Amerika önündə rus nüvə silahını görəcək.

Rusiya Amerikanı radioaktiv külə çevirə bilən yeganə ölkədir". Bəyanat dövlət rəsmiləri tərəfindən səsləndirilməsə də, Kisilyov Kreml siyasətinin ifadəçisi sayılır və Putindən "Vətənə xidmətə görə" mükafatı da alıb. Düzdür, hələlik Rusiyanın bu bəyanatına qarşı tərəfdən reaksiya gəlməsə də, siyasi təhlilçilər təhdidin o qədər də ciddi olmadığı qənaətindədirlər.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov hesab edir ki, Rusiyanın nüvə silahına əl atacağı gözlənilən deyil: "Ümumiyyətlə, indiki zamanda Rusiya kimi super dövlətin nüvə silahı işlətməsi qeyri-mümkün bir haldır. Çünki zaman dəyişib, indi təsir mexanizmləri fərqlidir. Dünyadakı güclər heç bir zaman nəniki Rusiyanın, eləcə də başqa bir ölkənin nüvə silahından istifadə etməsinə imkan verməzlər. Digər tərəfdən, Rusiya o gücdə deyil ki, bu gün xüsusən də ABŞ-a qarşı nüvə silahından istifadə etsin. Bu bəyanat sadəcə olaraq, hədə-qorxu gəlmək məqsədi daşıyır. Yəni, inandırıcı deyil".

Politoloq əlavə etdi ki, Ukraynada dövlətçilik zərbə altındadır: "Ukraynanın bundan sonrakı ərazilərinin də hələ müstəqillik əldə edib başqa ölkələrə birləşməsi məsələsi ola bilər. Ona görə də əgər Ukrayanda dövlətçilik qısa zamanda sabit vəziyyətə gəlməyəcəksə, ABŞ-la Rusiyanın bu vəziyyəti davam edəcək. Gürcüstanda olduğu kimi, Krım Rusiyanın tərkibində qalacaq. Dünya ölkələri tanısa da, tanımasa da söhbət ondan gedir ki, artıq referendum vasitəsi ilə rəsmiləşdirilən tarixi müqavilələrdən söhbət gedir. Ancaq ABŞ ilə Rusiyanın vəziyyəti o zaman stabil ola bilər ki, Ukraynada hakimiyyət stabilləşsin. Yəni, Rusiya ilə münasibət normallaşsın ki, bu məsələ öz həllini tapsın. Amma bu formatda Rusiyanın geri çəkiləcəyinə inandırıcı deyil".

"Rusiyanın ABŞ-ı nüvə silahı ilə hədələməsi onu göstərir ki, artıq Rusiya hakimiyyəti "aqoniya" halındadır". Bunu Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri bildirdi: "Artıq Rusiya baş verəcək hadisələrə doğru-dürüst reaksiya verə bilmir. Çünki Rusiya Krımı hələlik qeyri-rəsmi işğal etmiş olsa belə, bu hadisə ilə özünün gələcəyinə ciddi balta vurdu. Bu gün savaşlar top-tüfənglə yox, iqtisdi mexanizmlərlə, məhz birjalarda həll olunur ki, artıq bu yöndə Qərbin addımlarını görürük. Rusiya dövləti hər gün milyardlarla dollar itirməkdədir. Rusiyanın nüvə silahına əl atması ilə dünyanı hədələməsi absurd olduğu qədər də çox biabırçı bəyanatdır. Çünki Rusiya demək olar ki, çevrələnmiş bir ölkədir. Rusiyanı çevrələyən başda ABŞ olmaqla bütün Qərb ölkələri və Avroatlantik məkanın mütəffiqlərinin hamısının nüvə silahı var. Bu gün Rusiya hər hansı bir hərəkətə rəvac verməmiş onu bir neçə dəqiqənin içində yerlə-yeksən edərlər. Odur ki, bu, qeyri-ciddi, boğazdan yuxarı verilmiş bəyanatdır. Digər tərəfdən, onu da nəzərə alaq ki, Rusiyada Vladimir Putinin mütləq hakimiyyətə sahib olmasını düşünmək də doğru olmazdı. Rusiyada Putinin özünü idarə edən xüsusi bir şəbəkə var ki, bu da hərbi sənaye kompleksidir. Artıq siyasi hakimiyyət uğrunda tədricən Putinlə hərbi sənaye kompleksi arasında müəyyən çəkişmələr gedir. Krım hadisələrinin bu səviyyəyə gətirilməsi də daha çox məhz hərbi sənaye kompleksinin istəyinə uyğun davranışlardır. Ona görə də verilən bəyanatlar sadəcə Qərbi növbəti dəfə geriyə çəkilmək üçün atılan addım kimi dəyərləndirmək olar. Ancaq bundan o tərəfə gedəcəyini düşünmürəm. Çünki 21 mart tarixində Rusiya Dövlət Dumasında Krımın Rusiyaya birləşdirilməsi yönündə müzakirələr gedəcək. Əgər bu işğal siyasəti hüquqi sənədlərlə rəsmiləşdirilərsə, Krım Rusiyaya birləşdirilərsə, yaxın 3 ay müddətində iqtisadi cəhətdən Rusiyanın vəziyyəti yaxşı olmayacaq. Proses təkcə Putin rejiminin süqutu ilə deyil, hətta Rusiyanın çöküşünə qədər inkişaf edə bilər".