Özəl sektorda da benzin istehsalı başlana bilər

18 Mart 2014 07:38 (UTC+04:00)

Məlumdur ki, bu gün ölkəmizdə benzinə olan tələbat tam yerli istehsal hesabına ödənilmir. Xüsusi ilə də "Aİ-98" markalı benzin idxaldan asılıdır. Bundan başqa, artıq aprel ayının 1-dən "Aİ-98" markalı avtomobil benzininin Azərbaycana idxalı dayandırılaraq və "Aİ-95" markalı benzinin idxalına başlanılacaq. Daxildə isə ancaq "Aİ-92" markalı benzin istehsal olunacaq. Bu fonda ölkədə "Aİ-95" benzinlə işləyən nəqliyyat vasitələrinin olduğunu nəzərə alsaq, hələlik idxaldan asılı olacağımız qazılmazdır.

Xarici təcrübə isə tələbatın tam yerli istehsal hesabına ödənilməsi üçün bu sektorda özəl şirkətlərin də yaxından iştirak etdiyini göstərir. Ancaq mütəxəssislər hələlik bu praktikanın ölkəmiz üçün o qədər də keçərli olacağını zənn etmirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, əslində Azərbaycanda nəzərdə tutulan metod ARDNŞ-in səhmlərinin bir hissəsinin satılması idi: "Amma sonradan ARDNŞ-in özəlləşdirilməsi məsələsi gündəmdən çıxdı. Özəl şirkətlərin istənilən istehsal sektoruna, o cümlədən benzin istehsalına daxil olması təqdirəlayiqdir. Ancaq indiki halda Azərbaycanda özəl sektorun benzin istehsalına daxil olması nisbətən çətindir. Çünki benzin istehsalında dövlət şirkəti var. Dövlət Neft Şirkəti benzin istehsalında olduğu üçün özəl şirkətlər bu sektora daxil olsalar, onların rəqabət aparmaq imkanları xeyli məhdud olacaq. Özəl şirkətlərin lazım olduğu halda dövlətdən subsidiya alan və kifayət qədər böyük infrastruktura malik olan dövlət şirkəti ilə rəqabət aparmaq imkanları məhduddur. O baxımdan, əgər özəl şirkət benzin istehsalına daxil olursa, burada dövlət şirkətinin istehsal imkanlarının müəyyən qədər məhdudlaşdırılmasının həyata keçirilməsinə ehtiyac olacaq ki, özəl şirkət rəqabət apara bilsin".

Ekspert əlavə etdi ki, əgər bu işə özəl şirkətlər qoşularlarsa belə, yenə də benzinin qiymətləri rəqəbət əsasında formalaşmayacaq: "Çünki benzin strateji məhsul hesab olunur. Hətta, bəzi hallarda ARDNŞ benzin istehsalının subsidiyalaşdırıldığını bildirir. Əslində, subsidiyalaşdırılan sektora özəl şirkətlərin daxil olaraq subsidiyasız məhsul istehsal etməsi və bazara çıxararaq rəqabət aparması xeyli çətindir. Ona görə də bazara özəl şirkətlər daxil olsalar belə, bu qiymət yenə də Tarif Şurası tərəfindən tənzimlənəcək. Amma benzin istehsalında subsidiyalaşma mexanizmi varsa, özəl şirkətlər üçün cəlbedici olmayacaq. Çünki subsidiyalaşma o deməkdir ki, maya dəyəri satış qiymətindən yüksəkdir. Düzdür, ARDNŞ benzin istehsalının subsidiyalaşdırıldığını bildirsə də, bu ehtimal xeyli azdır. Bu bəyanatın ehtimalının az olması fonunda özəl şirkətlər həmin sektora daxil olub Tarif Şurasının tənzimlənməsi altında bazara çıxış əldə edə bilərlər".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə bildirdi ki, benzin istehsalı asan məsələ deyil və ucuz başa gəlmir: "Burada iri neft emalı müəsissəsinin qurulmasından söhbət gedir. Həmin neft emalı müəssisəsi isə ən azı 100 milyon manat investisiya tələb edir. Ancaq bu da ən aşağı keyfiyyətli benzin üçündür. Belə zavodlarda da "Aİ-95" və ya "Aİ-98" markalı benzin istehsal etmək mümkün deyil. ARDNŞ onsuz da "Aİ-92" markalı benzini istehsal edir. O, yaxın perspektiv üçün ölkənin tələbatını ödəyəcək. Buna görə də ölkə ərazisində həmin sektor üçün özəl şirkətlərin neft emalı müəssisələrinə ehtiyac yoxdur. Bunun həm də digər tərəfdən ekoloji fəsadları da var. Çünki neft emalı zavodu böyük ərazini tutur. Onun çirkləndirmə, ətraf mühitə təsiri var. Ən yüksək keyfiyyətli, ekoloji standartlarla olan bir emal müəssisəsinin yanından keçəndə iy, kəskin təsirlər özünü göstərir. Bu da heç arzu olunan deyil. Ona görə də "Aİ-95" və ya "Aİ-98" markalı benzinlərin idxal edilməsi daha münasib olardı".