Metroda söküntülərə tez başlanmasına aydınlıq gətirildi
18 Mart 2014 12:13 (UTC+04:00)
"Metrodakı ticarət obyektlərinin sökülməsi,
yığışdırılması vaxt itkisi idi. Hamı istəyirdi ki, bayram
günlərində alternativ ticarət mərkəzlərində yerləşərək, ticarətlə
məşğul olsun. Bu baxımdan hamı obyektini
boşaldırdı".
Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra
Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentinin sədri Ramiz
Hacıyev deyib. R. Hacıyev bildirib ki,
metrodakı ticarət obyektlərinin 27-dək sökülməsi ilə bağlı göstəriş
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla
görüşdə verilib. Onun sözlərinə görə, heç kimin obyekti məcburən və
ya içində mal olduğu halda sökülməyib: "Biz yalnız boşalan
obyektləri sökmüşük. Biz dükan sahiblərinin heç birinə "buranı
boşaldın" deməmişik. Onların özlərinin bu barədə məlumatı vardı.
Biz söküntüyə nəzarət edirdik. Kim ki, boşaldırdı, onun dükanı
sökülürdü".
Xatırladaq ki, metrodakı ticarət obyektlərinin
söküntüsünə 27-dən başlanacağı bildirilsə də, sonra bu qərar
dəyişib.